Şənbə günü gecə saatlarında Britaniyanın paytaxtı Londonda ən azı 47 nəfərin yaralanması və 7 nəfərin ölümü ilə nəticələnən terror aktını törədən 3 nəfər polis tərəfindən güllələnərək öldürülüb.
Yerli vaxta saat 22:00-da ağ yük maşını London körpüsündə piyada gəzənləri vurduqdan sonra, avtomobildən 3 kişi enərək yaxınlıqda yerləşən Borough Market-də (Borough bazarı) insanları bıçaqlamağa başlayıblar.
Polis 3 hücumçunun saxta bomba jiletlər geyindiklərini bildirib.
Bıçaqlıanaraq xəsarət alanlardan biri yaralılara kömək etməyə çalışan polis olub.
Mühafizəkar, Leyborist və Şotlandiya Milli Partiyası iyunun 8-i keçiriləcək seçki kampaniyalarını müvəqqəti olaraq dayandırıblar.
Hazırda Baş nazir Theresa May hökumətin Cobra adlı fövqəladə hal komitəsinin iclasına başçılıq edir.
Şəhərin meri Sadiq Khan terror aktını “günahsız Londonlulara qarşı qəsdlə törədilən qorxaq hücum” adlandırıb.
Bu son üç ay ərzində Britaniyada baş vermiş 3-cü terror aktıdır. Bundan əvvəl mart ayında Westminster-də avtomobil və bıçaq hücumu 5 nəfərin ölümü ilə nəticələnib və iki həftə əvvəl Manchester şəhərində baş vermiş canlı bomba hücumunda 22 nəfər həyatını itirib.
Londonun Metropolitan Polis xidmətinin komissar müavini Mark Rowley hücumu yalnız 3 nəfərin törətdiyini və onların əyinlərində geyindikləri bomba jiletlərinin “saxta” olduqlarını deyib.
Oxunub: 766