Daşkəsən rayonunda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.
“Report”un Qərb bürosunun məlumatına görə, qətli törədən 1979-cu il təvəllüdlü Ələkbərov Raqif Əliş oğlu istintaqa ifadə verib. O ifadəsində bildirib ki, üç ay əvvəl həyat yoldaşını döyüb. Qadın isə polisə şikayət edib. Nəticədə R.Ələkbərov məhkəmə qərarı ilə 500 manat məbləğibdə cərimələnib.
Ələkbərov ifadəsində qeyd edib ki, həmin gündən bəri o qədər pulu necə ödüyəcəyini düşünüb və psixoloji sarsıntı keçirib. Hadisəni törətdiyi gün sərxoş olan R.Ələkbərov həyat yoldaşı, 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədova ilə mübahisə edib: “Mən Kamiləyə dedim ki, niyə belə elədin, nə üçün polisə şikayət etdin? Vəziyyətimizin yaxşı olmayan vaxtında niyə 500 manat aparım cərimə ödəyim? Həmin vaxt Kamilə mənimlə sərt danışdı. Mən də içkili idim, ağlım başımda deyildi. Başladım ona təpik və yumruqla zərbələr vurmağa. Əsəblərim sakitləşmədi, sonra onun başına çomaqla vurdum. Mən uşağı vurmamışam. Heç uşağı görməmişəm də. Sonra bildim ki, mən Kamiləni vuranda uşağ qucağında olub. Əvvəl bilmədim öldüyünü. Çarpayıda uzanmışdı. Bir də baxdım ki, nəfəsi gəlmir. Qorxdum, evdən çıxaraq qaçdım. Hadisə zamanı evdə Kamilənin əvvəlki ərindən olan uşağı da var idi”.
Ana və körpəsi bu çomaqla öldürülüb
Kənd sakini, 75 yaşlı Lətafət Tağıyeva “Report”un yerli bürosuna bildirib ki, ailədə tez-tez mübahisələr olub: “Rafiq spirtli içki düşkünü idi. O, bundan əvvəlki arvadlarını da döyüb, onlara zülm edirdi. Ona görə də bundan əvvəlki arvadlarının hərəsi 1-2 il qalır, sonra baş götürüb qaçırdılar. Rafiqin isə arvad alıb boşaması adi hala çevrilmişdi. Rafiq bundan əvvəlki arvadı İnci Vəliyevanı da çomaqla döymüşdü. O vaxt qonşular arvadı vaxtında xəstəxanaya çatdırdılar. Arvad polisə şikayət etdi və Rafiqi həbs etdilər. Həbsdən çıxandan sonra isə Kamilə Məmmədova ilə evləndi. Kamilə Məmmədova boşanmış qadın idi. Onun birinci nikahından 6 yaşlı qızı var”.
L.Tağıyeva əlavə edib ki, Rafiq Ələkbərovun atası Əliş Ələkbərov məktəbdə müəllim işləyib və kəndin hörmətli kişilərindən biri olub: “Hadisə gecə olub. Rafiq səhərə yaxın görüb arvadı ölüb, qaçıb. Kamilənin birinci ərindən olan uşağı səhər tezdən anasının cavab vermədiyini görərək çölə çıxaraq qışqırıb”.
Kəndin digər sakini bildirib ki, Rafiq Ələkbərov məhkəmədə cərimə olunduqdan sonra özünə məxsus olan “Niva” markalı avtomobilini satmaq istəyib: “Hadisədən bir neçə gün əvvəl də ərlə-arvad arasında dava düşüb. Qadın uşaqlarnıda götürüb rayonun Dardərə kəndindəki ata evinə getmək istəyib, Rafiq qoymayıb. Rafiq adətən pul qarşılığında kənd sakinlərinin mal-qarasını otarar, bəzi vaxtlarda isə ev tikintilərində fəhləlik edərdi. Onun Göygöl rayonunun Zurnabad kəndində əmisi oğlanları yaşayır. Rafiq də səhər tezdən çıxıb ora qaçanda meşəlikdə tutublar onu”.
Daşkəsən Rayon Prokurorluğundan “Report” un məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Video Player
Oxunub: 386