Qətər böhranının çözülməsi üçün dörd ərəb dövlətinin – Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirliyinin rəsmi Dohaya ünvanladığı 13 maddəlik tələbnaməyə qarşı tərəfdən cavab gəlib.
Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl Tani məktubda yer alan tələblərin qeyri-real olduğunu bildirib və onlara yenidən baxılmasını təklif edib.
Nazir Qətərə qoyulan sanksiyaları qeyri-qanuni adlandıraraq onların ölkənin suverenliyinə təhdid olduğunu bildirib.
Sözügedən dörd ölkə Qətərdən İranla diplomatik əlaqələri kəsməyi, Türkiyə hərbi bazasını qapatmağı, “Əl-Cəzirə”nin fəaliyyətinə son qoymağı, İŞİD, “Əl-Qaidə” və “Hizbulla” ilə bütün əlaqələri kəsməyi tələb edir.
Bu tələbləri yerinə yetirmək üçün rəsmi Dohaya 10 gün vaxt verilib.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Qətəri terrorizmi dəstəkləməkdə ittiham edərək onunla diplomatik münasibətləri kəsiblər. Daha sonra Küveyt və Oman istisna olmaqla, digər körfəz ölkələri də onlara qoşulublar.
Gültəkin
Oxunub: 664