Baş Prokurorluq hüquqşünas Əkrəm Həsənova xəbərdarlıq edib.
Respublika Baş Prokurorluğunun xəbərdarlığında bildirilir ki, Əkrəm Həsənov banklarda faktlarla təsdiq olunmayan cinayət əməllərinin olması barədə əsassız iddialar irəli sürərək əmanətçiləri banklarda olan vəsaitlərini geri götürməyə çağırışlar etməklə, əhali arasında ajiotaj yaradan, banklardan əmanətlərin qaçışına, likvidlik problemlərinin yaranmasına və nəticə etibarı ilə maliyyə sistemində arzuolunmaz hallara səbəb olma ehtimalı yaratdığından, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edilib.
Məlumatda bildirilir ki, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq Əkrəm Həsənova bankların işgüzar nüfuzuna xələl gətirən, qərəzli informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə oxşar məzmunlu açıq çağırışlar edəcəyi, habelə bu qəbildən olan məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə, barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib. Hazırda Ə. Həsənov tərəfindən bank sahəsində aparılan islahatlara kölgə salmaq məqsədi güdən, qeyd olunan əsassız fikir və məlumatların yayılmasının məqsədinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
“Azadlıq.info” ekspertdən prokurorluğun xəbərdarlığına münasibət öyrənib. O, banklarla bağlı açıqlamalarında faktlara istinad etdiyini, heç bir qanunsuz əmələ yol vermədiyini bildirib:
“Ümumən məsələyə dünən münasibət bildirmişəm. 4 bank Palataya şikayət edib, Palata da Prokurorluğa. Guya mətbuatdakı çıxışlarım həmin bankların və bütövlükdə bank sisteminin işgüzar nüfuzuna xələl vurur. Mən də Prokurorluğa izah etdim ki, əskinə, mənim fəaliyyətim elə bank sisteminə etimadı artırmağa xidmət edir. Palatanın fəaliyyəti isə əksinə.
Məsələn, dəfələrlə Palataya müraciət etmişəm ki, banklar maliyyə hesabatlarını dərc etmir və bu da sistemə etimadı sarsıdır. Palata isə tədbir görə bilmir. İndi nüfuza kim xələl vurur: mən, yoxsa bankların özü və Palata? Digər sual da odur ki, bəzi banklar haqda söylədiyim konkret fikirlərim barədə sübutum varmı. Mən də dedim ki, əlbəttə var, lazım gələrsə təqdim edərəm.
Prokurorluq da dedi ki, hər bir halda sizə xərbərdarlıq edirik ki, əsassız və sübutsuz fikirlər söyləməyəsiz, etsəz buna görə məsuliyyət daşıyacaqsız. Mən də dedim ki, indiyədək də etməmişəm, etməyəcəyəm də, dediklərimin hamısını sübut edə bilərəm. Vəssalam”!
Oxunub: 1128