Azərbaycanda medianın reklam gəlirləri 2016-cı ildə 10 milyon manat civarında olub
Çap mediasının reklam gəlirisə cəmi 149 min manat olub
Media hüququ eksperti Xalid Ağəliyev Facebook səhifəsində Azərbaycan mediasının ağrılı yerinə – reklam məsələlərinə toxunub. Statistik rəqəmlər əsasında aparılan təhlil çoxlarına maraqlı gələ bilər.
2015-ci ilədək medianın reklam gəlirləri rəsmən açıqlanmırdı. Statistika qurumu artıq həmin bilgiləri də təqdim etməyə başlayıb.
Ciddi, qonşu ölkələrlə müqayisədə isə gülməli rəqəmlərdir. 2016-cı ildə Azərbaycanda medianın reklam gəlirləri 10 milyon manat civarında olub. Ondan əvvəlki il media reklamı bazarının həcmi təxminən 26 milyon manat olmuşdu.
Çap mediasının payına düşən reklam gəliri təsəvvür edirsiz nə qədərdir? Cəmi 149 min manat. O da əsasən qlamur jurnalların payına düşür, yəqin (ötən yay bir tədbirdə nüfuzlu gündəlik ingilisdilli gürcü qəzetinin nümayəndəsi aylıq reklam gəlirlərinin 200 min dolları ötdüyünü deyridi, qəzetin yarıdan çoxunun reklamla süstlənməsi də dediyini isbat edirdi)… Çap mediasının reklam gəliri 2015-ci ildə 1,4 milyon manat olmuşdu. Onsuz da az idi, illik azalma da göz önündədir.
Televiziyaların reklam gəliri də neft ölkəsi üçün çox az idi, 2015-ci ildə 19 milyon təşkil etmişdi. 2016-cı ildə reklam gəlirləri 8 milyona qədər azalıb.
Radioların payına 2016-cı ildə 1 mln 479 min manat reklam gəliri düşüb. 2015-ci illə müqayisədə azalma tam 1 mln 615 min manat olub.
İnternet mediasının reklam gəlirləri də “böyüməyib”, “balacalaşıb”. 2016-cı ildə bu məbləğ 1 mln 247 min manat olub ki, bu da 2015-ci ilin göstəriciləri ilə müqayisədə 318 min manat azdır.
Reklam gəlirlərinin həcmi başqa ölkələrin mediası ilə müqayisədə necə görünür?
İnkişaf etmiş ölkələrdə medianın reklam gəlirləri ümumi daxili məhsulun 1 faizi civarında olur. ABŞ-da bu göstərici, demək olar, hər zaman təmin edilir. Avropa ölkələrinin əksəriyyətində medianın reklam gəlirləri ÜDM-in 0,50-1.0 faizi həcmində dövr edir. Gürcüstanda bu pullar ÜDM-in 0,15-0.28 faizi həcmində gedib-gəlir.
Azərbaycanda isə… Rəsmi statistikaya görə, 2016-cı ildə Azərbaycanın ÜDM-i 60 milyard civarında olub. Medianın reklam gəlirləri 10 milyon civarındadır ki, bu da ÜDM-nin 0.015 faizi deməkdir… Azərbaycanda media reklamı bazarının ÜDM-dəki həcmi 2015-ci ildə 0,047 faiz, 2014-cü ildə isə 0,034 faiz olmuşdu.
Azərbaycanın bu sahədə indiki Gürcüstanın göstəriciləri ilə üst-üstə düşən ən parlaq göstəricisi 2005-ci ildə olmuşdu – ÜDM-nin 0,14 faizi…
Reklam bazarının balacalaşmasının səbəbi nədir, deyə sorsanız, cavab bəllidir. Hakimiyyətin nəzarətindəki mediadan hər gün eşidirsiniz: Dünyadakı iqtisadi böhranın, dünyanın keçirdiyi ağır iqtisadı sarsıntıların Azərbaycana vurduğu təsirlər…
Başqa səbəb də var. Ancaq bu, az “inanadırıcıdır”, destruktiv, dağıdıcıların versiyasıdır: Reklamı biznes strukturları verir. Azərbaycanda biznes medianı kontrolunda tutan hökumətin əlindəymiş. İstəyəndə verir, istəməyəndə vermirmiş… Hələ üstəlik, kiçik müstəqil “sahibkar adacıqlarına” da “vermə!” deyirmiş…
…Yuxarıda qeyd etdiklərimdən aydın görünən bir NƏTİCƏ var. Normalda Azərbaycanda medianın reklam bazarının həcmi 600 milyon manata qədər “böyüyə” bilərmiş. Həmin vəsaitə isə bəlkə də 100 bina tikmək, ən başlıcası, azad media hörgüsünə kərpiclər düzmək olardı.
İndi bildiniz mediaya bina hansı pullarla tikilir? Bildinizmi, jurnalistlər üçün inşa edilən o binalar necə də bahalı – 100 milyonluq binalarmış…
Oxunub: 252