KƏŞ-in digər ölkələri Tehranla dostluq edərkən, niyə məhz Qətər hədəf seçilib?
Əvvəldən planlaşdırılmış Körfəz Əməkdaşlıq Şurasındakı (KƏŞ) böhranda (diplomatik əlaqələrin kəsilməsi, blokada, kiber və media hücumlar) Qətərə qarşı atılan addımlarda bəhanə kimi həm də rəsmi Doha və Tehran arasındakı qondarma yaxın əlaqələr oldu.
Bu qarşıdurmanı başlamaq üçün ittiham olmadığından, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin, Qətər əmiri və hökumətini Yaxın Şərqdəki proseslərdə mənfi iştirakına dəlillər tapa bilmək üçün on, on beş və hətta iyirmi il əvvəli xatırlamaq lazım gəldi.
Hələ yeddi ay əvvəl kral Salman Dohaya tarixi səfər etmişdi. Səudiyyə kralı qətərlilər üçün bəlkə də ilk dəfə ev sahibinin hüzurunda oynamışdı. Bu vəziyyət Doha ilə münasibətlərin fövqəladə dərəcədə yaxşı olduğunun işarəsi idi.
Qətərli rəsmilər son zamanlarda səudiyyəli vəzifədaşları ilə ən üst səviyyəli yığıncaqlara qatılırdılar. Bu yığıncaqlarda hansısa problemin varlığına işarə edən və ya səudilərin, İran məsələsi də daxil olmaqla, indi gündəmə gətirdikləri xüsuslarda şikayət edəcəklərinə dair zərrə boyda göstərici yoxuydu.
KƏŞ toplantılarında Qətərin əleyhinə heç bir şey ortaya atılmadığı kimi, Ərəb Birliyində və ikitərəfli münasibətlərdə heç bir işarələr görünmürdü.
Bəs onda İran iddiası haradan və niyə ortaya çıxdı?
Yaxın Şərqdə dəyişən proseslər və Qətər-İran əlaqələri
Doha ilə Tehran arasındakı əlaqə bir zamanlar çox yaxşı idi. Zirvə nöqtəsini isə 2006-2008-ci illər dövrü meydana gətirirdi. Lakin bu, çoxdan olub və Dohanın mövqeyindən baxanda, bu vəziyyətin özünə xas şərtləri və səbəbləri vardı.
O dövrdə “mülayim ox” adlandırılan quruluş bacarıqsız, güclü liderlikdən və qərarlılıqdan məhrum, xüsusilə də söhbət xalqın maraqlarını təmsil etmək və fələstinlilərin işğal və təcavüzə qarşı özlərini qoruma haqlarını dəstəkləməkdən getdikdə.
İkinci məsələ İran tərəfindən bölgədə manipulyasiya etmək və ərəb ictimaiyyətinin dəstəyini qazanmaq üçün sona qədər istifadə edilib.
“Zogby” araşdırma şirkəti və Merilənd Universiteti tərəfindən 2008-ci ildə keçirilən bir sorğuda İslam dünyasının o tarixdəki ən məşhur liderlərinin “Hizbullah” lideri Həsən Nəsrullah, Suriya dövlət başçısı Bəşər Əsəd və İran prezidenti Mahmud Əhmədinejad olduğu nəticəsinin çıxması da qəribə bir şey deyil.
2009-cu ildən etibarən Yaxın Şərqdəki proseslər radikal bir dəyişiklik işarəsi verməyə başladı və Türkiyə bölgənin yüksələn ulduzu oldu. Ərəb ictimai dəstəyi Tehrandan Ankaraya doğru keçməyə başladı və bunu Qətər etdi.
Türkiyə, İran və onun məzhəbçi “müqavimət oxu”ylə müqayisədə daha yaxşı alternativ kimi görünürdü. O zamandan bu yana, Qətərin İranla əlaqəsi, bir çox KƏŞ üzvü kimi, elə də yaxşı səviyyədə deyil.
Ərəb inqilabları Qətər və İranı bölgədə zidd qütblərə yönəltdi. Bunun nəticəsində Doha Türkiyəyə daha da yaxınlaşdı və artıq iki ölkə arasında dərin strateji əlaqələrin inkişafı üçün zəmin yarandı.
Nüvə müqaviləsində Oman faktoru
KƏŞ-dən bəhs edərkən əvvəlcə, məsələn, Omanın İranla əhatəli əlaqələri olduğu və bu münasibətlərin hələ də davam etdiyi gözə dəyir. 2009-cu ildə Məsqət gizli vasitəçi rolu oynayaraq İranla ABŞ arasında qeyri-rəsmi rabitə kanalı açdı.
2013-cü ildə Oman, Tehran ilə Vaşinqton arasındakı gizli danışıqları asanlaşdıraraq və onlara ev sahibliyi edərək çox mühüm iş gördü. Bu danışıqlar, nəhayət, iki ölkə arasında JCPOA olaraq bilinən nüvə razılaşmanın imzalanması, sonrakı addımda isə İrana tətbiq olunan sanksiyaların qismən ləğviylə nəticələndi.
Bütün bu böyük dönüş nöqtələrində, KƏŞ üzvü Oman, Səudiyyə Ərəbistanını məlumatlandırmadı. Razılaşma Tehranın nüvə proqramını həqiqətən rəsmiləşdirdi, Tehrana ballistik raket qabiliyyətlərini inkişaf və test etməyə davam etmə icazəsi verdi və rejimə bölgədə üstünlük təmin etdi.
Tehrandakı Səudiyyə səfirliyi 2016-cı ildə basqına məruz qaldı. Rəsmi Riyad Tehrandakı səfirini geri çağırma qərarı verdikdə, Doha da öz səfirini geri qaytarmaqla, Riyadın qərarına dəstək verdi, rəsmi Məsqət isə şifahi qınama istisna olmaqla, heç bir konkret tədbir görmədi.
İranla diplomatik əlaqələrə gəlincə, Küveyt Tehranla Dohadan daha çox sabit əlaqələrə sahibdir. Məsələn, 2014-cü ildə Tehrana edilən tarixi bir Küveyt ziyarətinə şahid olduq. Küveyt əmiri İranı şəxsən ziyarət etdi və dini liderlə görüşdü.
Küveyt, İran və KƏŞ-in bütün üzvləri arasında strateji dialoqa başladı. Yanvar ayında Tehranla təmasa keçdi. İranda yenidən prezident seçilən Həsən Ruhani də fevral ayında Oman və Küveytə səfər etdi.
Tehranla ticarət əlaqələrində BƏƏ hamıdan irəlidədir
Tehranla davam etdirilən iqtisadi əlaqələrdən danışarkən, BƏƏ digərlərini fərsəx-fərsəx geridə qoyub. Əmirliklərin İranla çox əhatəli iqtisadi əlaqələri var. Ölkənin limanları son illərdə, qeyri-qanuni ticarət daxil olmaqla, İranla ticarəti artırma məsələsində əhəmiyyəti getdikcə artan bir rol oynayır.
BƏƏ ticarətinin 23,6%-i ilə İranın ana ticarət ortağıdır. İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, təkcə Dubay ilə ticarət bu ərəb ölkəsinin İranla ticarətinin 90%-ni təşkil edir. İran ilə BƏƏ arasındakı ticarət dövriyyəsinin həcmi, İrana tətbiq olunan sanksiyalar ucbatından 2013-cü ildə 15 milyard dollara düşməzdən əvvəl, 2011-ci ildə 23 milyard dollar səviyyəsində idi və KƏŞ-in İrana ixracatının 96,7%-i BƏƏ-nin payına düşürdü.
Əksəriyyəti Dubayda olmaqla, BƏƏ-də yaşayan az qala yarım milyon iranlı var. Onların çoxunun İranda qohumları var, bəziləri İran rejimi, xüsusilə İnqilab Keşikçiləri ilə fəal əlaqələrini davam etdirir. Son iyirmi ildə İnqilab Keşikçiləri Dubaydan öz maliyyə, kommersiya və kəşfiyyat fəaliyyəti, hərbi satınalmalar və investisiya fəaliyyətləri üçün arxa qapı kimi istifadə edir.
İnqilab Keşikçilərinin kommersiya fəaliyyəti
2011-ci ildə Dubay mərkəzli bir neçə şirkət, aralarında hücum helikopterləri və döyüş təyyarələri da olan ABŞ istehsallı hərbi təchizatların qeyri-qanuni satın almaq və nəql etməklə, ABŞ silah ixracatını “Control” qanunvericiliyini (AECA), Beynəlxalq Təcili İqtisadiyyat Gücləri qanunvericiliyini (IEEPA) və İranla icra ediləcək kommersiya əlaqələri ilə əlaqədar qaydalarını pozdu.
Vaşinqtondakı Demokratiyanı Müdafiə Fondu (FDD), Sanksiyalar və Qeyri-qanuni Maliyyə İşlərini Araşdırma Mərkəzinin icraçı direktoru, Obama və Buş administrasiyalarında İrana qarşı sanksiya siyasəti mövzusunda məsləhətçilik etmiş Mark Dubovitz 2012-ci ildə belə demişdi: “Dubay sanksiyaların tətbiq edilməməsi ilə bağlı illərlə ABŞ rəhbərliyi üçün çox böyük başağrısı olub, lakin bu vəziyyət artıq dəyişib”.
Həqiqətən də belədirmi?
Dubay mərkəzli şirkətlər İran hökuməti və İnqilab Keşikçiləri maliyyə çətinliklərinin öhdəsindən gəlmək və nüvə proqramının mühüm ehtiyaclarını aradan qaldırmaq üçün istifadə edildilər və buna görə ABŞ Xəzinədarlığının “qara siyahıları”na tez-tez daxil olurlar. Hələ də də o siyahılardadırlar.
2014-cü ildə baş verən hadisələrdən birində, məsələn, ABŞ Maliyyə Nazirliyi belə bir şərh vermişdi: “Hizbullah” tədarükçülərdən gizlicə qabaqcıl elektron alətlər və s. texnoloji vasitələr ala bilmək üçün “Stars Group Holding” şəbəkəsindən istifadə edir. Satın alınan məhsullar Suriyada və İsrailə qarşı əməliyyatlarda istifadə edilən dronları inkişaf etdirmək də daxil olmaqla, onun hərbi qabiliyyətlərinə birbaşa dəstək verib“.
“Stars Group Holding” şəbəkəsi Dubayda dilerlər saxlayır. “Hizbullah” tərəfindən çox müxtəlif mühərriklər, rabitə cihazları, elektron cihazlar və naviqasiya avadanlıqları əldə etmək üçün istifadə edilən bir çox BƏƏ şirkəti ilə birlikdə, bu holdinq də sanksiyaya məruz qaldı.
Eyni ildə Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İran və Suriya ilə əlaqədar olaraq xarici sanksiyaları pozanların siyahısı nəşr etdi. Siyahıda həm Əbu Dabi, həm də Dubaydan olmaqla, BƏƏ-dəki bir çox şirkət vardı.
BƏƏ-nin İran və Suriyaya uçuşları davam edir
Əmirlik rəsmilərinin arada-bərədə işlətdiyi sərt ifadələrə baxmayaraq, BƏƏ-nin İran rejiminə gerçəkdə nə qədər yardım etdiyi nəzərə alındıqda, Qətərin Tehrana həddindən çox yaxın olduğu yönündə iddiaların tamamilə mənasız və quru təbliğat olduğunu anlamaq çətin olmayacaq.
Körfəz böhranı ilə əlaqədar ABŞ Dövlət departamentindəki bir anonim rəsmi qeyd edir: “Ərəbistanın bu mövzudakı ittihamlarını dinlədik, onlar çox köhnə ittihamlardır və uzaq keçmişə aiddir. Qətər və İran arasındakı əlaqələrin mahiyyətində son illərdə heç bir təəccüblü dəyişiklik görmədik. Bu mövzudakı ən aktual ittiham belə bizə yeni heç nə demir. Bizim tərəfimizdən da bu iddialara təsdiq yoxdur”.
Üstəlik, BƏƏ-nin İrandan və İrana reallaşdırdığı birbaşa uçuşlar hələ davam edərkən, “Qatar Airways”in BƏƏ, Səudiyyə Ərəbistanı və Bəhreyn üzərindən uçmasının qarşısının alınması da müəmmalıdır. Həm İnqilab Keşikçiləri ilə bağları olan “Mahan Air”, həm də Əsədin rəsmi şirkəti “Syrian Air” hələ də İran və Suriyadan BƏƏ-yə birbaşa uçuşlar həyata keçirir.
“Syrian Air”, “Hizbullah”ın köməyi ilə Əsəd rejiminin Suriya xalqına qarşı hərbi əməliyyatına dəstək vermək üçün aralarında silahların da olduğu qeyri-qanuni yüklər daşıyır. Buna görə 2013-cü ildə sanksiyaya məruz qalmışdı. “Mahan Air” 2011-ci ildən bəri “terrora dəstək olmaq və İnqilab Keşikçilərinə maliyyə, maddi və texniki dəstək” təmin etdiyi üçün ABŞ tərəfindən dəfələrlə sanksiyaya məruz qaldı.
Suriya böhranında fərqli rəftarlar
Buna görə də, Səudiyyə Ərəbistanı, Suriya, Yəmən, Livan və İraqdakı İrana bağlı qruplarla Tehranın bölgədə yayılmasına mane ola bilmək üçün mübarizə apararkən, BƏƏ İranın bu qruplara dəstək ola bilməsini asanlaşdırır. Nəticə isə Qətərin suçlanmasını tələb edən bir fiasko oldu; Səudiyyə Ərəbistanının Dohanın bütün bu bölgələrdə Riyada dəstək verdiyini çox yaxşı bilməsinə baxmayaraq.
Məsələn, BƏƏ “Suriyanın Dostları Qrupu”nun və “Like-minded Countries” (“Fikirdaş Ölkələr”) qrupunun üzvü olsa da, bağlı qapılar arxasındakı yığıncaqlarda ortaya qoyduğu siyasi mövqe həmişə Səudiyyə Ərəbistanı, Türkiyə və ya Qətərdən çox İrana yaxın olub. Qətər bu yığıncaqlarda terrorçu qruplara və Suriyadakı İnqilab Keşikçiləri ilə əlaqəli qruplara yüksək səslə etiraz etsə də, BƏƏ, Suriyadakı İran varlığına və onun oradakı təxminən 60 min nəfərlik məzhəbçi milislərinə nadir hallarda fokuslanmış, bunun əvəzinə Əsəd və İran əleyhdarı cinahda olan qrupları hədəfə alıb.
BƏƏ tərəfindən dəstəklənən Misirin prezidenti əs-Sisisi də bənzər bir rəftar göstərib və buna görə İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Qətərlə müqayisədə, Misirin (Lozannadakı nazirlər konfransı kimi) Suriya mövzusundakı bəzi yığıncaqlara qatılmasının vacibliyini vurğulayıb.
Suriyanın müxalif Milli Koalisiyasının sabiq başçısı Əhməd əl-Carbanın BƏƏ-nin Suriyadakı kilid adamlarından biri olduğu düşünülür. Altı aydan qısa bir müddət əvvəl BƏƏ-li bir xəbər agentliyi – “Erem News” Carba ilə bir müsahibəni yaydı və Əsədin (İranın müttəfiqi olaraq) Suriyada iqtidarda qalmasını qəbul edib-etməyəcəyi sualına Carba açıq şəkildə belə dedi: “Bu, ölkəyə fayda gətirəcəksə, heç bir problem yoxdur”.
Carba burada, ehtimal görə, havadarlarının gizli gündəmini dilə gətirir. BƏƏ-nin yalnız bir çox ərəb ölkəsindəki əks-inqilablara dəstəkdən başqa, diktatorlara, köhnə rejimlərin fərdləri və ailələrinə ev sahibliyi etməsi ona pis şöhrət qazandırıb.
Körfəzdəki ixtilafdan İran qazanclı çıxacaq
Mövcud KƏŞ böhranındakı əsl məsələnin İran problemi olmadığı aydındır. Ancaq Qətəri İrana həddindən çox yaxın olmaqla günahlandırmaq ərəb ictimaiyyətini çaşdırmaq və çox qüvvətli İran antipatiyası olan Səudiyyə ictimaiyyətinə xoş görünmək üçündür. Ancaq əllərində iddialarını dəstəkləyəcək heç bir şey olmadığı üçün Qətərin əleyhinə bu cür saxta iddiaları irəli sürmənin yeganə vasitəsi keçmişə boylanmaqdır.
Qətər, eynilə Yaxın Şərqdəki və ya dünyadakı hər ölkə kimi, əvvəllər səhvlər etdi və bu anda da bəzi səhvlər edir, lakin bu, heç bir şəkildə Səudiyyə Ərəbistanı və BƏƏ-nin doğru yolda olduğunu göstərmir. Bu problemin öhdəsindən gəlmənin ən düzgün yolu – əməkdaşlığı artırmaq, ortaq hərəkət etmə duyğusunu inkişaf etdirmək və əlaqələndirilməni gücləndirməkdir.
Bu böhran davam edərsə, ən yaxşı ehtimalla, İranın nüfuzu artacaq, terrorla mübarizə səyləri iflasa uğrayacaq, bütün bölgədə qarşıdurmaların güclənəcək və Yaxın Şərqdə getdikcə daha çox ölkə və qrup birbaşa və zorla İranın qucağına düşəcək.
(strateq.az)
Oxunub: 438