Facebook istifadəçilərinin sayı indi dünyadakı istənilən dövlətin əhalisindən çoxdur.
13 il bundan əvvəl əsası qoyulmuş bu şirkət haqqında bilməli olduğunuz 4 şey:
Böyük sıçrayış
Facebook 5 ildən az müddətdə istifadəçilərinin sayını iki dəfə artırıb. 2012-ci ildə Facebook-un bir milyard istifadəçisi var idi.
İndi isə ondan iki milyard insan istifadə edir. Bu, Mark Zuckerberg tərəfindən əsası qoyulmuş Facebook-un rəqiblərini üstələməyə imkan verir.
Twitter-in fəal istifadəçilərinin sayı aprel ayında 328 milyona çatıb.
Facebook istifadəçilərinin sayı dünya əhalisinin dörddə birindən də çoxdur.
Yeni istifadəçilərin əksəriyyəti Şimali Amerika və Avropanın xaricindən gəlir.
Daha böyük öhdəliklər
Texnologiya şirkətləri terrorçu təbliğatı hesab olunan materialın silinməsi ilə bağlı böyük təzyiqlərlə üzləşiblər.
Qətl və intiharla bağlı canlı videoların yayımından sonra Facebook da diqqət mərkəzindədir.
Keçən ay məzmunun idarə olunması üçün şirkət 3000 əlavə işçi götürəcəyini bəyan edib.
2017-ci ilin mart ayının nəticələrinə görə, ABŞ-da yerləşən bu şirkətin işçilərinin sayı 18770 nəfərdir.
33 yaşlı Zuckerberg 2004-cü ildə əsasını qoyduğu Facebook-a rəhbərlik edir.
Gəlirlərlə bağlı narahatlıq
Şirkətin gəlirlərinin əksəriyyəti reklamlardan əldə olunur.
Aprel ayında reklamçıların sayı 5 milyona çatıb, şirkət bildirib.
Facebook-un gəlirləri 2017-ci ilin ilk aylarında artaraq 3 milyard dollar təşkil edib – bu, keçən illə müqayisədə 76 faiz artımdır.
Lakin şirkətin bildirdiyinə görə, reklamlardan gələn gəlirlər azala bilər.
Ucqar yerlər üçün gələcək planlar
Keçən il şirkət Günəş enerjisi ilə çalışan dronu uğurla sınaqdan keçirdiyini bəyan edib. Cihazın məqsədi internetin yayılmasına kömək etməkdir.
Aquila layihəsinin məqsədi dronlar vasitəsilə dünyanın ucqar bölgələrini internetlə təmin etməkdir.
Lakin şirkət bu niyyətinin həyata keçməsi üçün bir neçə il lazım ola biləcyini bildirir. (BBC azeri)
Oxunub: 318