Ölkə başçısı İlham Əliyev Rusiya Federasiyasının “Zavtra” qəzetinin baş redaktoru, yazıçı Aleksandr Proxanovu qəbul edib. Son aylarda sayca 3-cü, 4-cü görüşdür bu. Sanki Rusiyanın prezidentidir, hәr ay Rusiya xalqı üçün bir müsahibә verir.
Dünyada ikinci elә bir prezident yoxdur ki, öz ölkәsinin mәtbuatına bir dәfә dә olsun müsahibә vermәsin, əvәzindә isә xarici mәtbuat nümayәndәlәrinә nә qәdәr istәdilər, müsahibәlәr versin.
Başa düşdük ki, İlham Әliyev ölkәdәki müxalif mediadan onun talançılıq siyasәtini araşdırdığı, saxtalaşdırdığı seçkilәri işıqlandırdığı üçün qisas alır. Nәyinki, onlara müsahibә vermir, hәtta onları susdura bilmәdiyi üçün şәrlәyib hәbsә atdırır. Susmadığı üçün qәtlә yetirilәn jurnalistlәr dә var. Bәs milyonlar xәrclәyib, formalaşdırdığı “cib mediyası”nı saxlamaqda mәqsәdi nәdir? Niyә bir dәfә dә olsun onlara müsahibә vermir, sualları cavablandırmır? Axı nәdәn narahatdır? Lap istәsә sualları da özü seçәr. Heç olmasa görüntü naminә dә bunu etmirsә, sәbәb nәdir?
Sәbәb odur ki, xalqa necә yuxarıdan aşağı baxırsa, mediaya da o şәkildә baxır. Münasibәt eynidir. Elә olmasaydı, millәt vәkilliyinә namizәd olandabir dәfә gedib seçicilәr üçün çıxış edәrdi. 3 dәfә qanunları dәyişdirmәk bahasına prezidentliyә namizәd olub. Bir dәfә dә olsun xalqın qarşısına çıxmayıb, debatlara gәlmәyib.
Hansı ölkәdә prezident bölgәlәrә sәfәr edәndә yolları, küçәlәri bağlatdırır? Hansı ölkәdә prezident bölgәlәrә sәfәri zamanı insanlarla görüşüb, problemlәri dinlәmәk әvәzinә, YAP-ın 10-15 xırda mәmurunun qarşısında çıxış edib geri qayıdır? Tәbii ki, ancaq Azәrbaycanda belә ola bilәr. Çünki özündә xalqa hesabat verәcәk bir mәsuliyyәt hiss etmir.
Mәsәlә tәk İlham Әliyevlә bitmir. Yenicә vitse-prezident tәyin olunmuş Mehriban Әliyeva da eyni yolu gedir. Nә parlament seçkilәrindә bir dәfә debatlara gәlib, nә dә yerli mәtbuata bir dәfә müsahibә verib. Yerli media onun üçün xalqın mәnimsәnilәn milyardlarının qәpik-quruşu qәdәr edilәn “xeyirxahlıq” işlәrini tirajlamaq üçün lazım olur ancaq. Onlar üçün media yalnız narahat olduqları mәqamlarda gündәmi dәyişmәk, rәqiblәrinә qarşı etikadan kәnar münasibәt sәrgilәmәk üçün lazım olur. Formalaşdırdıqları “cib mediası”ndan yalnız troll kimi istifadә edirlәr. Onları qarayaxma, müstәqil insanları şәrlәmәk üçün maliyyәlәşdirirlәr. Yekunda da daha yaxşı şәrlәyәnlәrin sinәlәrinә medal taxmaqla hәm onları mükafatlandırır, hәm dә özünü mәtbuatın dostu kimi tәqdim edirlər. Amma bütün dünya “mәtbuatın dostu”nun ölkәdәki müxalif saytlara girişi bloklatdırdığından, yeganә müxalif qәzetin qapadılmasından da mәlumatlıdır.
Samir
Oxunub: 1114