Azərbaycanda elmin inkişafı üçün yetərincə şərait yaradılıbmı? Müstəqil dövlətin hansı elmi kəşflər var?
Bu suallarla elmi kəşflər haqqında məlumatları saxlayan Prezident yanında Ali Attestasiya Komissiyasına sorğu göndərdik, amma oradan məktubumuza cavab verən olmadı.
Amma o dəqiq məlumdur ki, dövlət büdcəsindən elmə ayrılan maliyyə azalır. 2017-ci ilin dövlət büdcəsində elm xərcləri 118 milyon manatdır. Bu da əvvəlki illə müqayisədə 17 milyon manat azdır. Baxmayaraq ki, prezident ictimai çıxışlarında elmin onun hökuməti üçün prioritet olduğunu deyir.
Prezident İlham Əliyev 2015-ci ildə Elmlər Akademiyasının 70 illiyinə həsr olunmuş toplantıda bildirib ki, dünyada neft ucuzlaşır, dövlət gərək daxili resursları hesabına fəaliyyət göstərsin – odur ki, elmin inkişafı ölkə üçün vacibdir.
ABŞ-ın Şimali Dakota Universitetinin maliyyə professoru Fariz Hüseynli də deyir ki, iqtisadiyyatın inkişafı elmlə bağlıdır, elmə ayrılan vəsait artmalıdır:
“Alimə və elmə yanaşma dəyişməlidir. İqtisadi tərəqqinin kökündə elmin inkişafı dayanır. ABŞ iqtisadiyyatının kökündə innovasiya, tərəqqi durur. Burda da universitetlərin rolu çox böyükdür. Bunun üçün elmi araşdırmalara ədalətli və obyektiv yanaşaq. Elə edək ki, elmi araşdırmaların real, işlək və faktiki nəticəsi olsun. Elmi araşdırmalara kütləvi maraq olmalıdır, alimlərə stimul verilməlidir”.
Fariz Hüseynli deyir ki, Azərbaycan hökumətinin davranışları bu hökumət üçün idman və turizmin daha prioritet olduğunu söyləməyə əsas verir. Onun sözlərinə görə, kənardan idmançılar gətirməyə vəsait xərcləməkdənsə, bu pulu elmə yönəltmək uzunmüddətli planda ölkənin inkişafı üçün daha çox fayda verərdi. Fariz Hüseynli əlavə edir ki, elmi araşdırmalar hökumətin sosial iqtisadi siyasətinin bir hissəsinə çevrilməlidir, hər nazirliyin qərarı yalnız öz işçiləri ilə yox, müstəqil ekspertlərin müzakirəsi ilə verməlidir, qərarların verilməsi prosesi açıq olmalı, bura alimlər cəlb edilməlidir.
Fariz Hüseynli deyir ki, önəmli olan məsələlərdən biri – intellektual mülkiyyəti qorumasını təmin etməkdir ki, alimin haqqı tanınsın.
Dilavər Əzimli də Fariz Hüseynlinin haqqında danışdığı Azərbaycan alimlərindən biridir. Onunla keçən ilin dekabrında söhbət etmişdik.
Tarix üzrə fəlsəfə doktoru, Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işçisi Dilavər Əzimli deyirdi ki, ayda 300 manat maaş alır, bu pul ona çatmır deyə, başqa işlər görməyə məcburdur – elmi işlər üçün vaxtı qalmır:
“Əlavə yerə qaçıram. Getməliyəm institutlarda dərs deməliyəm saat hesabı. Ya da uşaq hazırlamalıyam. Hər ikisi elmin qarşısını alır. Elm üçün mütləq maliyyə çoxalmalıdır”.
Azərbaycanda 2010-cu ilin oktyabrında Elmin İnkişafı Fondu yaradılıb – bu fond əsasən, elmi tədqiqatlara qrant ayırmaq üçün nəzərdə tutulub. 2017-ci ilin dövlət büdcəsi müzakirə olunanda, maliyyə naziri Samir Şərifov demişdi ki, elmə ayrılan vəsaiti ona görə azaldırlar ki, bu fond, ayrılan pulu xərcləmir.
Fonddan AzadlıqRadiosu-na bildiriblər ki, pulu niyə xərcləmədikləri barədə açıqlama vermək istəmirlər.
Son iki ildir ki, Londonda, “Oxford” Universitetində elmi tədqiqatla məşğul olan Leyla Əliyeva deyir ki, elmin inkişafı üçün vacib olan -ədalətli və azad mühitdir. Deyir ki, Bakıdakı universitetlərdən birini-tələbələrə qarşı ədalətsiz mühit müşahidə etdiyi üçün tərk edib. Biz ondan “Oxford” Universitetindəki təcrübəsi barədə soruşmuşuq. Onun dedikləri:
“Azad ölkədə şərait tamam başqadır. Hansısa məhdudiyyətlər yoxdur. Sən bilirsən ki, araşdırmanı hansı istiqamətdə, hansı dərinlikdə, hansı metodoloji yanaşma ilə etmək tamamilə özündən asılıdır. Bu, məncə, ən vacib amildir”.
Mövzu ilə bağlı Milli Məclisin Elm Komissiyasının üzvləri və Elmlər Akademiyası ilə danışmağa cəhd etsək də, gün ərzində telefon zənglərimizə cavab verən olmadı (Azərbaycanda bu gün rəsmi iş günü deyil).
Azərbaycan alimlərinin apardıqları son araşdırmalara gəldikdə, Elmlər Akademiyanın internet saytında iyunun 25-də yerləşdirilmiş məlumatda deyilir ki, Aşqarlar Kimyası İnstitutu Almaniyanın Hessen Universiteti ilə birgə tədqiqatlar aparır. Tədqiqatın mövzusu “Davamlı üzvi çirklənmələrin Azərbaycanın çay sularına təsiri”dir. (azadliq.org)
Oxunub: 478