Məhbus jurnalist Gürcüstanın Azərbaycandakı səfirini gözləyir
Deputat Elman Nəsirov jurnalistin işi üzrə istintaqda dindiriləcək
Həbsdə olan jurnalist Əfqan Muxtarlı Gürcüstanın Azərbaycandakı səfirinin həbsxanada ona baş çəkməsini gözləyir. Əfqan Muxtarlı Gürcüstanda oğurlanıb, Azərbaycana gətirilməsi və burada həbs olunmasıyla bağlı məsələyə aydınlıq gətirilməsini istəyir. Bu haqda jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.
Vəkil həmçinin bildirib ki, jurnalistin sərhədi qanunsuz keçərkən yaxalandığını iddia edən Azərbaycanın hüquq-mühafizə orqanlarından fərqli olaraq, Əfqan Muxtarlının həbsinin “iki ölkənin xüsusi xidmət orqanlarının əməliyyatı” olduğunu təsdiqləyən deputat Elman Nəsirov istintaqda dindiriləcək: “Biz həm deputat Elman Nəsirovun, həm də həmin fikrin səsləndirildiyi, İctimai Televiziyadakı “Carçı” proqramının aparıcısının dindirilməsi haqda istintaq qarşısında vəsatət qaldırmışdıq. Vəsatətimiz təmin olunub. Onlar dindiriləcək. Bundan əlavə, Əfqan Muxtarlının da tanıdığı, iş üçün əhəmiyyət kəsb edən daha bir nəfərin dindirilməsi haqda da vəsatət qaldırmışdıq. O vəsatətimiz də təmin olunub”.
Əfqan Muxtarlının səhhətindəki problemlərin qaldığını, ona heç bir tibbi yardım göstərilmədiyini deyən vəkil jurnalistin haqqındakı cinayət işinin “Meydan TV” ilə bağlı cinayət işinə birləşdirildiyini qeyd edib. Müdafiəçinin sözlərinə görə, istintaq qrupuna da əlavə adamlar cəlb olunub.
Bundan başqa, iyunun 29-da Bakı Apellyasiya Məhkəməsində Əfqan Muxtarlının barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına buraxılması haqda şikayətə baxılıb. Vüqar Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası Nəsimi Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətini təmin etməyib.
Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsi iyunun 20-də verdiyi qərarda Əfqan Muxtarlını ev dustaqlığına buraxmaqdan imtina edərək, vəkilin bu haqda şikayətini təmin etməmişdi.
Əfqan Muxtarlı
Publicerat av Elchin Sadigov den 29 juni 2017
azadliq.info
Oxunub: 464