Qubad İbadoğlu: “Son dəyişikliklər büdcədən siyasi məqsədlər üçün istifadənin və vergi ödəyicilərinin maraqlarının nəzərə alınmamasının əyanı göstəricisi sayıla bilər”
İqtisadçı alim Qubad İbadoğlu Milli Məclisin bugünkü iclasında 2017-ci ilin dövlət büdcəsinə edilmiş dəyişikliyə facebook statusunda münasibət bildirib. Həmin statusu təqdim edirik:
Büdcədə son dəyişikliyə ehtiyac yox idi, çünki o ictimai vəsaitlərdən istifadənin səmərəsini daha da azaldacaq.
Bu gün Milli Məclisdə 2017-ci il üçün dövlət büdcəsinin xərcləri 1 mlrd 41 mln manat artırılaraq 17 mlrd 941 mln manata, gəlirləri 511 mln manat artırılaraq 16 mlrd 766 mln manata çatdırılıb. Artan büdcə xərclərinin quruluşu ilə tanışlıq hökümətin ilin ortasında büdcədə apardığı dəyişikliyin arxasında nələrin durduğunu açıq görməyə imkan verir. Belə ki, dövlət büdcəsində edilən son dəyişikliyin əsas hədəfi xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, yəni “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində Bankın 2 383,4 mln. ABŞ dolları məbləğində dövlətin üzərinə keçəcək borclarının ödənilməsi məqsədilə avro bondların emissiyası həyata keçirilməsi üçün xarici dövlət borclanmasının yuxarı həddinin 4 mlrd. manat və ya 9 dəfə artırılaraq 4,5 mlrd. manata qaldırılmasıdır. Bundan əlavə, büdcənin artan xərcləri arasında lisenziyası alınmış 11 bankın əmanətçilərinə ödəniş üçün Əmanətlərin Sığortalanması Fondunun nizamnamə kapitalının artırılmasına 546 mln. manatın və qazın qiymət fərqi ilə bağlı dəyən zərərin örtülməsi üçün Dövlət Neft Şirkətinə 250 mln. manatın ayrılması da diqqəti cəlb edir. Bununla yanaşı, artan büdcə xərclərinin cüzi bir hissəsi də sosial və digər istiqamətlərə yənələcək. Artan büdcə gəlirlərinin formalaşması Mərkəzi Bankın mənfəətindən 250 mln. manat ayrılması, Vergilər Nazirliyinin yığım planının 135 mln. manat, Gömrük Komitəsi isə 50 mln. manat artırılması və sair mənbələr hesabına təmin ediləcək.
Göründyü kimi, bu il əsasən vergi ödəyicilərinin hesabına təmin ediləcək dövlət büdcəsində son dəyişiklik daxili və xarici borcların ödənilməsi sahəsində yaranmış gərginliyin aradan qaldırılmasına xidmət edir. Bu isə ictimai vəsaitlərdən istifadənin səmərəsini aşağı salır, dövlət şirkətlərinin kreditorlar qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi sahəsində icraçı təşkilatların məsuliyyətini azaldır. Əslində isə belə dəyişikliklər ötən iki ildə manatın devalvasiyası və istehlak qiymətlərin artması və əmək haqlarının isə dondurulmuş vəziyyətdə saxlanılmasına görə yaranmış sosial ədalətsizliyin aradan qaldırılmasına, xüsusilə də büdcə təşkilatlarında işləyənlərin maaşlarının artırılmasına yönəlməli idi. Onsuz da çoxlu mənasız və səmərəsiz xərclərlə yüklənən 2017-ci ilin dövlət büdcəsinə edilən son dəyişikliklər büdcədən siyasi məqsədlər üçün istifadənin və vergi ödəyicilərinin maraqlarının nəzərə alınmamasının əyanı göstəricisi sayıla bilər. Bu, xüsusilə də iqtisadiyyatı tənəzzül dövründə olan Azərbaycan üçün heç də yaxşı perspektiv vəd etmir.
Oxunub: 260