“Apple”ın bazar dəyəri təxminən 750 milyard dollardır. Bu məbləğ, Azərbaycanın da içində olduğu 183 ölkənin illik milli gəlirindən yüksəkdir.
Dünyanın öndə gedən texnologiya şirkətlərindən biri olan “Apple”, mobil cihazlarda cığır açan cib telefonu markası “iPhone”un bazara çıxmasının 10-uncu ilini qeyd edir. Şirkət bu telefonların satışından təkcə ötən il 136,7 milyard dollar gəlir əldə edib.
Şirkətin qurucusu Stiv Cobs, “iPhone”u bundan 10 il öncə San-Fransiskoda təqdim etmişdi. Cobsun “inqilabçı cib telefonu və mükəmməl bir internet rabitəsi cihazı” kimi təsvir etdiyi “iPhone” qısa bir müddətdə dünyada böyük əks-səda doğurdu və maraq gördü. “iPhone” sayəsində “Apple” şirkəti də sürətlə böyüyərək yüksək qazanc əldə edib.
Keçən il “Apple”ın gəliri 215,6 milyard dolara çatıb, bunun təxminən 63,5%-ni və ya 136,7 milyard dolları “iPhone” satışları ilə təmin olunub. Şirkətin mənfəəti 2006-da təxminən 2 milyard dollar ikən, ötən il 46 milyard dollara yüksəlib.
Şirkətin bazar dəyəri təxminən 750 milyard dollarla Azərbaycanın da içində olduğu 183 ölkənin illik milli gəlirindən yüksəkdir. Bu dəyər, ABŞ-ın enerji şirkəti “Exxon Mobil”in dəyərindən iki dəfə, “General Electric”in dəyərindən isə üç dəfə çoxdur (marja.az).
Oxunub: 226