“Azərbaycanda süd məhsulları seqmentində ciddi problemlər var”.
İstehlakçıların Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Eyyub Hüseynov belə deyir.
Ekspert vurğulayır ki, mağaza piştaxtalarında saxta südlərin olması nadir hadisə deyil.
“Ekspertlərimiz müəyyənləşdiriblər ki, bəzi istehsalçılar məhsulu quru süd tozundan hazırlayır, ona palma yağı əlavə edir və inəklərin müalicəsi üçün istifadə olunmuş antibiotiklərlə birlikdə satırlar. Bundan başqa, elə hallar da olur ki, südə nişasta, təbaşir, sabun, soda, əhəng və hətta gips qatırlar. Bütün bunlar saxta süd hazırlamaq və ya südün tez turşumasının qarşısını almaq üçün edilir”, – ekspert bildirib.
Kimyəvi maddəyə çevrilən süd məhsulları…
E.Hüseynov süd məhsullarının saxlama müddəti ilə bağlı da istehlakçılara yanlış bilgilərin verildiyini deyir.
“Xama və qaymağın saxlama müddəti 3 ay, dondurmalarda isə 6 ay göstərilir. Halbuki, mütəxəssislər yaxşı bilirlər ki, bəzi süd məhsulları bu dövr ərzində artıq, kimyəvi maddəyə çevrilir”, – deyə E. Hüseynov vurğulayıb.
İstehlakçıların Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri xüsusi vurğulayır ki, dövlət orqanlar belə hallarla mübarizə aparmır.
Rəsmi statistika
Dövlət Statistika Komitəsinin bilgilərinə görə, 2016-cı ildə Azərbaycanda 2 milyon 009,9 min ton süd istehsal olunub.
Azərbaycan Nazirlər Kabinetinin 2014-cü il tarixli qərarına əsasən, süd istehlakı adambaşına ildə ən azı 223,6 litr təşkil etməlidir. Əhalinin sayı nəzərə alındıqda, ölkə südə olan tələbatı ödəmir
Südün faydaları…
Zülalla zəngin olan süddə insan orqanizminə lazım olan bütün amin turşuları var.
Ekspertlərin deməsinə görə, cəmi bir stəkan təbii inək südü insana 1 gündə tələb olunan zülalın 13, D vitaminin 21, kalsiumun 25, kaliumun 10, fosforun 18, selenin 11, B2 vitaminin də 22 faizini verir. (azadliq.org)
Oxunub: 590