Yaxud, 22 il sonranın “uğur” göstəricisi
Mövcud hakimiyyətin dövründə “inkişaf” sözü istismara məruz qalıb. Hansı hökumət sözçüsünə mikrofon uzatsalar, mütləq “inkişaf nəğmələri” oxuyacaq. Hökumət iddia edir ki, Azərbaycanda bütün sahələr çiçəklənib və bu çiçəyin ətri dünyanı valeh edib. Amma zaman bütün daşları öz yerinə qoyur. İndi pis əməllərin ömrü 40 gün yox, 40 dəqiqə olur. Hökumətin istənilən yalanı faktların, statistik rəqəmlərin qarşısında əriyir.
Əlbəttə, mövcud hakimiyyətin dövründə də inkişaf nümunələrinin şahidi olmuşuq. Məsələn, talançılıq, korrupsiya, saxtakarlıq, yaltaqlıq sürətlə inkişaf edib və bu inkişaf məhz bu hökumətin xidmətidir. Hətta hökumətimiz bu “dəyərlər”in inkişafıyla bağlı dünyaya yol göstərməyə qadirdi.
Son zamanlar isə inkişafın yeni mərhələsinə qədəm qoymuşuq. Daha doğrusu, yeni bir sahə inkişaf etməyə başlayıb. Demək olar ki, hər gün dələduzluq xəbərləri eşidirik. Telekanallar, saytlar, qəzetlər mütəmadi olaraq dələduzluq edən şəxslərin yaxalandığını, vətəndaşların dələduzluğun qurbanına çevrildiyini tirajlayıblar. Bəli, dələduzluq o qədər geniş yayılıb ki, adamlar bir-birinə etibar etmir, inamsızlıq pik həddə çatıb.
Təsəvvür edin ki, 1993-cü ildə Azərbaycanda cəmi 355 dələduzluq faktı qeydə alınıb. 2015-ci ildə isə dələduzluq cinayətlərinin sayı 3660-a çatıb. Təbii ki, bu Statistika Komitəsinin rəqəmləridi və tam həqiqəti əks etdirmir. Yəni, dələduzluq cinayətlərinin hamısı qeydiyyata düşməyib, bu rəqəmlər cinayətlərin etiraf olunan hissəsdir. Amma etiraf olunan rəqəmlər də göstərir ki, 22 il əvvəllə müqayisədə, bugün dələduzluq cinayətləri rekord vurur. Halbuki, analoqsuz inkişafın hökm sürdüyü , bütün sahələrin çiçəkləndiyi, vətəndaşın həyat şəraitinin yüksəldiyi iddia olunan ölkədə tamam fərqli mənzərəylə qarşılaşmalıydıq. 1993-cü ildə ölkəyə milyardlar axmırdı, müharibənin qızğın vaxtıydı, obyektiv çətinliklər var idi və bu dövrdə mənfi halların qeydə alınması başadüşülən idi. Amma 22 ildən sonra təkcə dələduzluqla bağlı “inkişaf” ımız 4-5 dəfə artıb və bu təsadüf, qanunauyğunluq, cəmiyətin təbbi halı deyil.
Artıq adamlarda da “hökumətləşmə” prosesi gedir. Yəni, hökumət də vətəndaşın haqqın mənimsəyir, devalvasiyanın zərərin vətəndaşın çiyninə yükləyir, “qiymət qalxmayacaq” vədi verib, qiymətləri qaldırır, “inkişaf edirik” deyib, ölkəni tənəzzülə sürükləyir və.s
Vətəndaş da hökumətin “standart”larına uyğunlaşmaq istəyir. Vətəndaş görür ki, bir məmurun halal qazancla villa alması, biznes imperiyası qurması, bahalı avtomobillər sürməsi mümkün deyil. Hamı başa düşür ki, padşahlar kimi həyat sürənlər dələduzluqla, rüşvətlə, saxtakarlıqla məşğul olurlar. Eyni zamanda ölkədə işsizlik və yoxsullq səviyyəsi sürətlə artır. Nəticədə xoşagəlməz hallar dövriyyəyə girir.
Son dövrlər dələduzluq hallarının artmasının başlıca səbəbi ölkədəki ağır vəziyyət, hökumətin mahiyyəti və yaratdığı “ənənə”lərdi. Ölkədə korrupsiya dəyərə çevrilməsəydi, adamlar pulla işə düzəlmək, pulla cəzadan yayınmaq, pulla çirkin niyyətlərini həyata keçirmək həvəsinə düşməzdilər.
Xülasə, hökumətin məqsədyönlü siyasəti nəticəsində dələduzluq da inkişaf edib. Ümumiyyətlə, bütün pis əməllərdə ölkəmizin adı ön sıralardadı. Hökumət rüsvayçılıq rekordlarını əldən vermir. Əgər 2016-cı ilin nəticələri elan olunsa, dələduzluqla bağlı daha çox cinayət faktının qeydə alındığının şahidi olarıq.
Məhz bu “inkişaf”ı görmədiyimizə görə də bizi qərəzli, ermənipərəst, uğurlara kölgə salan kimi təqdim edirlər. Bu gedişlə yeni-yeni “uğur”ların şahidi olacağıq.
Samir
Oxunub: 294