“Vox” jurnalı yazır ki, Səudiyyə Ərəbistanı Qətərə qarşı diplomatik müharibəsinin səbəbi kimi guya Dohanın terror dəstəyini göstərsə də, böhranın əsl səbəbi Qətərin nəhəng təbii qaz yataqlarına malik olmasıdır.
Məqalədə deyilir ki, insanlar çox vaxt Körfəz ölkələri dedikdə, neftdən qaynaqlanan sərvəti təsəvvürə gətirsələr də, Qətəri adambaşına düşən gəlirlərə görə dünyanın ən varlı ölkələrindən birinə çevirən neft yox, qazdır.
Jurnalist Zişan Alim yazır ki, Qətər iqtisadiyyatının neftdən asılı olmaması, onun həm də Səudiyyə Ərəbistanından və onun başçılıq etdiyi OPEC-dən asılı olmaması deməkdir. Qətər qazdan, neftdən götürdüyü gəlirin dörd qatını götürür və Səudiyyənin diqtəsi ilə durub-oturmağa məcbur deyil.
Üstəlik də Qətər maye qaz ixrac edir və bu o deməkdir ki, o, qəzəbli qonşulara görə təhlükəyə düşən kəmərlərdən də asılı deyil.
Qətər qazının bir diqqətəlayiq cəhəti də var. Onun dənizdəki qaz yatağı Fars körfəzindədir və o, həmin nəhəng yatağı İranla paylaşır. Bu isə artıq o deməkdir ki, Qətərin bütün maraqları Səudiyyə Ərəbistanına düşmən olan bir ölkə ilə həmahəng münasibətlərə malik olmaqdadır.
Qətərin iqtisadi müstəqilliyi öz əksini onun həm də müstəqil xarici siyasətində tapıb. Bir vaxtlar Britaniyanın protektoratında olan bu cırtdan ölkə Səudiyyə Ərəbistanı ilə bir neçə cəbhədə rəqabət aparır və onu dəf edir. Onun özünün populyar qlobal xəbər şəbəkəsi – Əl-Cəzirəsi var. Qətər Müsəlman Qardaşlığını dəstəkləyir ki, bu təşkilatı da Səudiyyə və onun müttəfiqləri öz varlıqlarına təhlükə sayırlar.
Məhz buna görə də Qətər üzərində hegemonluğunu neftlə təmin edə bilməyən Səudiyyə ona qarşı diplomatik müharibəyə başlayıb.
Məqalədə deyilir ki, Qətəri blokadaya alan ölkələrin də qazı var, amma Qətər onlardan fərqli olaraq maye qaz ixrac edir. Bununsa əsasını 1995-ci ildə hakimiyyətə qansız çevriliş nəticəsində gəlmiş Qətər əmiri Həmid bin Xəlifə ət-Tani qoyub. Qaz kəmərlərindən və onun təhlükələrindən asılı olmayan Qətər, maye qazı dünyanın müxtəlif yerlərinə gəmilərlə nəql edir. Bu gün Qətər dünyanın ən böyük qaz ixracatçısıdır və bütün dünya tələbatının üçdə birini təmin edir.
İş o yerə çatıb ki, Qətər hətta Körfəz ölkələrinin özləri üçün də qaz ixracatçısına çevrilib. Məsələn, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) istehsal olunan elektrik enerjisinin 40 faizi Qətərdən alınan qazdan asılıdır.
Qətər bir strateji məsələdə də fərasətli tərpənib. Səudiyyə Ərəbistanı 11 sentyabr terror hücumlarının ardınca ölkədə artan antiamerika əhval-ruhiyyəsinə görə 2003-cü ildə ABŞ-dan öz bazasını ölkə ərazisindən çıxarmasını rica edib. Elə bu məqamda Qətər ABŞ-a özünün Əl-Übeyd hərbi bazasını verməyə hazır olduğunu bildirib.
Rice Universitetinin Baker İnstitutundan enerji və geosiyasət eksperti Jim Krane deyib ki, ABŞ-ın öz 11 minlik qoşununu burada yerləşdirməyə inandırması Şeyx Həmədin əsas starteji uğuru sayıla bilər.
Beləliklə ABŞ-ı özünün strateji müttəfiqinə çevirən Qətər qonşularını əsəbiləşdirən bir sıra təşəbbüslərdə buluna bilib. Doha əsasən tənqidləri ilə qonşuların külünü göyə sovuran populyar Əl-Cəzirə telekanalına milyonlarla dollar pul töküb.
Qətər Ərəb baharı zamanında da Səudiyyənin xəttini yeritməyib. O, siyasi qumara gedərək Yaxın Şərq boyunca diktatorlara qarşı çıxan xalq kütlələrinə dəstək verib.
Qətər Liviyada Müəmmər Qəzzafinin, Misirdə Mübarəkin devirlməsində ABŞ-a hərbi hava və dəniz donanması ilə kömək edib.
Məqalədə deyilir ki, bütün bunlar artıq Səudiyyə və onun müttəfiqləri ilə Qətəri 2004-cü ildə üz-üzə qoymuşdu.
O zaman Qətər bəzi güzəştlərə getmiş və böhran aradan qalxmışdı. Lakin göründüyü kimi bu dəfə Səudiyyə daha aqressivdir.
Səudiyyənin Qətərə verdiyi ultimatumun hər bir maddəsi Dohadan onu Səudiyyədən müstəqil edən hər bir şeyi qurban verməsini tələb edir.
Belə bir məqamda isə ABŞ prezidenti ilə ABŞ administrasiyasının mövqeləri arasında ixtilaf yaranıb.
Prezident Donald Trump açıq şəkildə Qətəri terrora dəstəkdə ittiham edərək Səudiyyənin tərəfini tutub, dövlət katibi Tillerson isə bütün tərəfləri təmkinə və böhranın siyasi yollarla həllinə çağırır.
Georgia Universitetində Yaxın Şərq Tədqiqatları Mərkəzinin direktoru və “Qətər: Müasir tarix” kitabının müəllifi Allen Fromherz deyir ki, ABŞ bu böhranın tezliklə çözülməsində maraqlı olmalıdır. Əks halda indiki status quo bu regionda İranın daha da güclənməsinə səbəb olacaq.
Oxunub: 452