İndi kim inandı ki, tarixi abidə olan məscidi icra başçısı sökdürüb? Bu ölkədə yaşayan hər kəs bilir ki, ətrafında bu boyda qalmaqal yaşanmış, kütləvi etirazlara səbəb olmuş, İlham Əliyevin nəzarətində olduğu bəyan edilmiş bir məscidi rayon icra başçısı sökdürə bilməz. O polisləri də ora icra başçısı əməliyyat üçün özbaşına cəlb edə bilməz. Hətta fərz edək ki, məscidi icra başçısının sökdürdüyü yalanına inandıq. Onda da sual yaranacaq ki, İlham Əliyev niyə vaxtında deyil, məscidin sökülməsi başa çatandan sonra xəbər tutub, hüquq mühafizə orqanları hara baxırdı? Məsələni hansı tərəfə çevirsən, ağ yalanı gizlətmək olmur. Hakimiyyəti isə ən çox xalqa yalan demək gözdən salır.
“Sovetski”dəki məscidi icra başçısı sökdürməyib, burası aydındır, bu işi onun boynuna qoyub, hakimiyyəti təmizə çıxarmağa çalışırlar. Ancaq bu icra başçısının işdən çıxarılması da yaxşı oldu.
1. Bu, həmin İbrahim Mehdiyevdir ki, aprel ayında jurnalist xanıma – Fərqanə Novruzovaya əl qaldırmışdı. Cәzasını çəksin.
2. Məscidin sökülməsi zamanı siyasi hakimiyyət öz məsuliyyətini atdı icra başçısının boynuna. Deməli, bu qədər repressiyadan sonra da xalqın qəzəbindən qorxurlar. Bu da yaxşı haldır.
3. Bütün məmurlara növbəti dəfə görk oldu ki, onları həm də lazım gәlәndә ailə hakimiyyətini qorumaq naminə “günah keçisi” seçib, qurban vermәk üçün yanlarında saxlayırlar.
Oxunub: 1032