Hər kəsin yerini və dəyərini zaman yerbəyer edir
Nəsimi Məmmədli
Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin və Heydər Əliyevin hər üçünün adının eyni zamanda əbədiləşdirilməsinin vacibliyi barədə Milli Məclisdə səslənən təklifə münasibət bildirərkən deputat Siyavuş Novruzov deyib: “Heydər Əliyevin digərləri ilə müqayisə edilməsi düzgün deyil”.
S.Novruzovun məsələyə yanaşmasını geniş şərh etmək siyasi baxımdan əsasən müxalifət siyasətçilərinin öhdəsində olsa da, bir fəal vətəndaş kimi qısaca fikirlərimi bildirmək istəyirəm.
Bu yanaşma onun mənsub olduğu hakim partiyanın əsas siyasi baxışıdır və uzun müddətdir orta məktəblərdə (tədris) təbliğ olunur. Ölkə demokratikləşərsə, bu baxışın cəmiyyətdə nə qədər mövcud olacağını da proqnozlaşdırmaq olar.
Azərbaycanın çağdaş tarixini ortabab bilən, bir-iki tarixi qaynağı varaqlayan istənilən şəxs əmin olar ki, bu şəxsiyyətləri doğrudan da eyniləşdirmək mümkün deyil. Hər birinin tarixdə yeri çox aydındır və onu kimsə dəyişdirə bilməyəcək.
M.Rəsulzadə çar Rusiyasının əsarətində olan bir ərazidə 1918-ci ildə yoxdan dövlət yaradan liderdir. Azərbaycan adlı ölkə onun şah əsəridir. Heç sovet rejiminin hökm sürdüyü illərin amansız repressiyaları, qadağaları da onun adını tarixdən silə bilmədi. Yüz minlərlə dəyərli insan bu gün də onun xatirəsinə, şəxsiyyətinə ehtiram göstərir.
Bu günlərdə Türkiyədə təhsilini uğurla başa vuran, 106 ölkə təmsilçiləri arasında birinci və üçüncü yerləri qazanan xalqımızın iki dəyərli qız övladının çıxışını yəqin dinlədiniz. Minlərlə canlı və milyonlarla virtual izləyicinin qarşısında çıxış edən gələcəyin aydını məhz Rəsulzadəni və Atatürkü örnək alıb. Bu, qətiyyən təsadüfi deyildi. Dünyanın ən yaxşı universitetlərində ən yüksək nəticə əldə edən onlarla intellektual gənc tanıyıram ki, məhz onlar da belə düşünür.
Ə.Elçibəy də uzun illər sovet Rusiyasına qarşı ardıcıl mübarizə apardığı üçün təqib olunub, buna görə həbs edilən bir dissident-siyasətçidir. O, Azərbaycanın müstəqilliyinin bərpası uğrunda ümummilli hərəkata liderlik edən və ölkənin müstəqilliyinin bərpasının banisidir. Əsrin əvvəllərində Rəsulzadənin başlatdığı, təəssüf ki, Rusiyanın işğalı ilə yarımçıq qalan missiya, əsrin sonunda Elçibəyin liderliyi ilə başa çatdı.
Təsadüfi deyil ki, bütün antitəbliğata baxmayaraq yüzlərlə intellektual gənc Elçibəyə də Rəsulzadə kimi dəyər verir. Bu gənclərə orta məktəblərdə nə Rəsulzadə, nə də Elçibəy təbliğ olunmadığı halda, niyə məhz intellektual gənclər bu şəxsiyyətləri özlərinə örnək sayı? Axı bu şəxsiyyətlərə bəslənən rəğbət indiki halda məhrumiyyət deməkdir…
Azərbaycanın son yüz illik dövlətçilik tarixində bu iki şəxsiyyətlə müqayisə ediləcək üçüncü şəxsiyyətin olmadığını sübut etməyə gərək yoxdur. Azərbaycanın eks-prezidenti H.Əliyevin də çağdaş tariximizdə öz yeri var və onun olduğu kimi yazılması vacibdir. Tarixdə siyasi mülahizələrlə şəxsiyyətlərin təhrif edilməsi ənənəsi az olmayıb, lakin hər kəs gec-tez mütləq gerçək qiymətini alıb. Tarix elə bir amansız “zaman qanunu” ilə işləyir ki, o, irəlilədikcə hər kəsin yerini və dəyərini olduğu kimi təqdim edir.
Yazı müəllifin Facebook səhifəsindən götürülüb
Oxunub: 600