Bu il minlərlə gənc ölkə universitetlərindən məzun olacaq. Onların bir xeyli hissəsini də müəllimlik peşəsinə yiyələnən gənclər təşkil edir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru bildirib ki, bu il ADPU-nu filiallar və kollec ilə birlikdə 4433 məzun bitirir. Bu rəqəmin üzərinə başqa universitetlərdən eyni ixtisas üzrə məzun olanları da əlavə etsək, fantastik dərəcədə böyük bir rəqəm alınır. Bəs onların iş axtarışı, ixtisaslaşdıqları sahə üzrə iş təminatı necə olacaq? Məsələnin ən ağrılı tərəfi elə budur…
Məlum olduğu kimi, hazırda müəllim peşəsinə yiyələnmiş məzunların işə qəbulu və yerdəyişməsi Təhsil Nazirliyinin 2008-ci il və 2015-ci il tarixli əmrləri ilə təsdiq olunmuş nomenklaturaya uyğun həyata keçirilir. Qəbul üçün müraciət edən şəxslər bu əmrlə müəyyənləşdirilmiş sənədlər əsasında mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqədən keçirlər. Bura elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə daxildir.
Bu sistem nə dərəcədə şəffafdır və onunla kadrların iş təminatı nə dərəcədə özünü doğruldur? Keçən il bu nomenklatura əsasında ucqar rayonlarımızdan birinin kənd məktəbinə müəllimlik hüququ qazanmış və adının çəkilməsini istəməyən gənc mütəxəssisin dediklərindən: “Keçən il qəbul üçün ümumilikdə 33 000 nəfər sənəd vermişdi. Onlardan yalnız 2300 nəfər işlə təmin olundu. Hazırda ölkədə 10 minlərlə işsiz müəllim var, bu il onların sayı bir az da artacaq. Vakansiya az, kadrlar hədsiz dərəcədə çoxdur. Mən özüm universiteti 2011-ci ildə bitirib, 5 il işsiz qalmışam. Bakı üçün olan vakansiyalar gizlədilir, gənc məzunlar bundan hər zaman narazılıq edirlər. O yerlərə müəllimləri əsasən direktorlar pulla işə götürür. Amma ucqar kənd məktəblərinə düşmək mümkündür. Bura müsabiqə imtahanları da, həqiqətən, şəffafdır. Bundan sonra müəllimlərin yerdəyişməsi və dərs saatları da diaqnostik nəticəyə görə müəyyənləşəcək. Ümumiyyətlə, ölkədə müəllim peşəsinə yiyələnmiş məzunların işi çox çətindir. Belə görünür ki, onlara iş üçün bəzən mənim kimi ən azı 5 il gözləmək lazım gələ bilər.”
Şərhə ehtiyac yoxdur, problemin necə böyük olduğunu rəqəmlər ortaya qoyur. Rəqəmlər göstərir ki, belə köklü bir problemin yoluna qoyulması və həlli yalnız dövlətin öhdəsinə düşən bir məsələdir. Çıxış yolu nədədir? Məsələnin tənzimlənməsi üçün xüsusi dövlət proqramlarının qəbul olunmasımı? Tələb və təklif arasında balans yaratmaq üçün, ali məktəblərdə bu ixtisaslar üzrə qəbula say məhdudiyyəti qoyulmasımı? Bu suallarla bağlı təhsil məsələləri üzrə ekspert Nabatəli Qulamoğlunun fikirləri maraqlıdır:
“Dünyanın heç bir sivil ölkəsində məzunların işlə təminatı üzrə proqram mövcud deyil. Hansı ölkədə bu varsa, deməli, həmin ölkə avtoritar və ya diktatura ölkəsidir. Dünya rəqabət sistemidir. Normal ölkələrdə işə qəbul olmaq üçün assosiasiyalar mövcuddur. Bunlar kadrları yoxlayır və tövsiyə edir. Bizdə də işə qəbul prosesi rəqabət əsasında keçirilir. Düzdür, əvvəllər sui- istifadə hallarına yol verilirdi, indi isə proses şəffafdır. Bir neçə nümunə də gətirmək olar. Deyək ki, Qubanın hansı kənd müəllimisə imtahan verib, Bakının mərkəzindəki məktəbə düşüb. Müəllimlərin işə qəbul prosesi, direktorların qəbulundan fərqli olaraq, tam şəffafdır. Çünki direktorlar seçki prosesini saxtalaşdırmaq üçün icra başçıları tərəfindən seçilirlər. Tələb və təklifə gəlincə…Təhsil bazarı inkişafın rəhnidir. Tələb və təklif arasındakı fərqi də qəbul planını azaltmaqla deyil, bazarın tələbi ilə həyata keçirmək lazımdır. Təklif nə qədər çox olsa, seçim imkanları da bir o qədər çox olar. Təəssüf ki, bizdə təhsil bazarının elementləri var, amma bazar hələ yoxdur. Çünki ölkə avtoritardır, yəni siyasət bazarın formalaşmasına imkan vermir.”
Göründüyü kimi, məsələnin kökü biz düşündüyümüzdən də dərindir. Bu sahədəki köklü məsələlərin həlli yenə də gəlib ölkədə rüşvətsiz, şəffaf, rəqabətli və keyfiyyətli təhsil sisteminin formalaşmasına bağlanır. O sistemin formalaşması nə vaxt baş verəcək, onu da bir Allah bilir…
Səadət
Oxunub: 432