Səudiyyə Ərəbistanı və müttəfiqləri Qətərin 13-bəndlik ultimatumu yerinə yetirməsi üçün vaxtı 48 saat uzadıblar.
«Al-Arabiya TV» iyulun 3-də bildirib ki, vaxtı mübahisədə vasitəçi kimi çıxış edən Küveyt əmirinin xahişiylə uzatmağa razılaşıblar. Daha öncə Qətərə iyulun 2-si gecəyarısınadək vaxt qoyulmuşdu.
QƏTƏRDƏN REAKSİYA GƏLİB
Ötən ay Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətərlə əlaqələri kəsiblər. Onlar əmirliyin islamçı ekstremistləri və İranı dəstəklədiyini bildirirlər. Ancaq Qətər iddiaları rədd edib.
Küveytin əmiri Sabah al-Ahmad al-Sabah iyulun 3-də Qətərdən rəsmi cavab aldığını bildirib və dərhal da ərəb ölkələrindən vaxtı 48 saatlığa uzatmağı istəyib. Əmir Qətərin nə cavab verdiyini açıqlamayıb. Ancaq Qətər daha öncə demişdi ki, onunla əlaqəni kəsmiş ərəb ölkələrinin tələblərini yerinə yetirməyəcək və bunun qarşılığında hər hansı hərbi addımdan çəkinmir. Ölkənin xarici işlər naziri Mohammed bin Abdulrahman Al Thani iyulun 1-də Romaya səfəri zamanı bu tələblərin Qətərin suverenliyini pozduğunu söyləyib. Ancaq o, Dohanın ərəb qonşularının qaldırdığı məsələlərin müzakirəsinə hazır olduğunu da dilə gətirib.
Nazirin sözlərinə görə, Qətər ölkəsindəki türk hərbi bazasını, yaxud «Al Jazeera» televiziya şəbəkəsini bağlamayacaq. Bunlar həmin 13 tələb sırasındadır.
«The Guardian» qəzeti yazır ki, Qətər tələbləri qəbul etməzsə, ərəb ölkələrinin əlavə sanksiyaları ilə üzləşə bilər.
KOMPROMİSLƏR
Bu arada ABŞ-ın dövlət katibi Rex Tillerson tərəflər arasında kompromisin əldə olunmasına çalışır. Hələlik, tələbləri irəli sürən ölkələr ultimatum vaxtı bitəndən sonra necə davranacaqlarından eyhamla danışıblar. BƏƏ diplomatları Qətəri regional ticarət bloku olan Körfəz Əməkdaşlıq Şurasından çıxarmağı təklif edib. Yaxud Qətərlə əməkdaşlığı davam etdirən ölkələrə sanksiyalar qoyula bilər.
BƏƏ-nin xarici işlər naziri Anwar Gargash hərbi müdaxilənin mümkünlüyünü istisna edib. Onun sözlərinə görə, «alternativ – eskalasiya deyil, yolları ayırmaqdan ibarətdir».
Körfəz Əməkdaşlıq Şurası 1981-ci ildə Qərbin dəstəyi ilə, İran İslam Respublikasından sonra yaradılıb. Şuranı Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər, Oman və Bəhreyn formalaşdırıb.
Ötən ay baş qaldırmış diplomatik qalmaqaldan sonra Türkiyə Qətərə yardım məqsədiylə burada hərbi iştirakını gücləndirib. Ankara və Tehran Qətərə ərzaq yardımı göndəriblər.
«The Guardian» yazır ki, artıq Britaniya banklarının bəziləri pərakəndə müştərilər üçün Qətər riyalı ilə ticarəti dayandırıb. Hələlik, böhran Qətərdən enerji ixracına təsirini göstərməyib. Bu ölkə maye təbii qazın ən böyük ixracatçısıdır.
ABŞ-IN REAKSİYASI
Qətərdə 10 min əsgər saxlayan ABŞ məsələyə fərqli reaksiya sərgiləyib, Ağ evlə Dövlət Departamentinin mövqeləri haçalanmış kimi görünür.
Prezident Donald Trump Səudiyyəylə münasibətləri gücləndirməyə çalışır və ötən həftə deyib ki, Qətər terrorçuluğu maliyyələşdirir. Dövlət Departamenti isə Küveytlə birlikdə vasitəçi rolu oynamağa çalışır.
Dörd ölkə Qətərdən terrorçuları çıxarmağa, «Müsəlman Qardaşlığı» və «Həmas» qruplaşmalarına dəstəyi dayandırmağa çağırır.
Terrorçulara maliyyə axınının dayandırılmasına beynəlxalq monitorinq istənilir. İndiyədək iki kompromis variantın müzakirə edildiyi bildirilir. Təklif olunur ki, ABŞ xəzinədarlığının rəsmiləri Qətərin maliyyə nazirliyində yerləşsin və Avropadakı ekstremist qruplaşmalara maliyyə axınına nəzarət etsinlər. Daha bir müzakirə mövzusu ərəbdilli «al-Jazeera» televiziyasının ingilisdilli kanalın redaktə nəzarətinə verilməsidir.
Qətərin Milli İnsan Haqları Komitəsi İsveçrənin hüquq firmasını kirayələyib. Şirkət Səudiyyənin rəhbərlik etdiyi blokadanın insan haqları fəsadlarını araşdırır. Xarici işlər naziri Thani deyib ki, Qətərin 12 min vətəndaşı və xarici rezidenti qanunsuz blokada nəticəsində bir-birindən ayrı düşüb və çoxu kompensasiya tələb edəcək.
Oxunub: 382