Cənab prezident, sözləri yox, gözləri dəyişmək lazımdı
Azərbaycan təhsilinin ağır vəziyyəti hamıya bəllidir. Bəlli olan həm də budur ki, təhsilin bu qədər iflic vəziyyətə düşməsi məqsədyönlü siyasətin nəticəsidir. Ölkə başçısı “Azərbaycanda savadlılıq səviyyəsi 100 faizdir” söyləsə də, reallıqlar bunun əksini göstərir. Faktiki olaraq təhsil ocaqları rüşvət yuvasına çevrilib, şagirdlər repetitrolardan asılı vəziyyətdə qalıb, müəllimlər ən aşağı əməkhaqqıyla səfil həyata sürüklənib, təhsil haqları kəllə-çarxa çıxıb, xaricdə təhsil alanlar ölkəyə qayıtmaq istəmir, ölkədə ali təhsilli fəhlələr ordusu yaranıb, saxta diplomlar meydan sulayır və.s
Amma hökumət təhsili komadan oyatmaq əvəzinə, yüzüncü dərəcəli işlərlə məşğuldu. və bu yüzüncü dərəcəli işlər “təhsil islahatı” adlanır.
Bugünlərdə ölkə başçısı fərman imzalayıb və üç Universitetin nizamnaməsində dəyişiklik olub.
Məsələn, dəyişikliyə əsasən, “ADA”Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının nizamnaməsində “fundamental” sözündən sonra, “ nəzəri-metodoloji, pedaqoji-metodiki” sözləri əlavə ediləcək. Yaxud, “elmi əməkdaşlar” sözləri, “elmi işçilər” sözləriylə əvəz ediləcək.
Göründüyü kimi hökumətimiz çox “ağır” işlərlə məşğuldu. Sanki, Universitetlərin yeganə problemi hansısa sözün yerinin, mənasının dəyişdirilməsindən ibarət imiş. Əgər bu sözlərin yerini dəyişmək zərurəti varsa, bununla aidiyyatı adamlar məşğul ola bilərlər. Ölkə başçısı isə təhsili zəlil vəziyyətə salan səbəblərin aradan qaldırılmasına yardımçı olmalıdır. Şagirdlər məktəbə pul daşımaqdan beziblər, tələbələr yüksək təhsil haqları altında əzilirlər. Bugünə qədər 20000-ə yaxın tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə ali məktəbdən kənarlaşdırılıb. Minimum əməkhaqqının 116 manat olduğu ölkədə, təhsil haqları 3000, 4000, 5000 manat təşkil edir. Dövlət Universitetlərinin 65 faizi ödənişli əsaslarla fəaliyyət göstərir. Universitetlərin nizamnaməsində söz dəyişdirməkdənsə, təhsil haqlarını aşağı salmaq lazımdır. Mənasız yarışlara milyardlar xərcləyən hökumət, minlərlə tələbənin təhsil haqqına görə Universitetlərdən qovulmasına niyə imkan verir? Niyə yadlara göstərilən diqqət və qayğıdan ölkə vətəndaşına da göstərilmir? Niyə təhsil kreditləriylə bağlı müzakirələr bugünə qədər müsbət nəticə vermir? Niyə tələbələri həvəsləndirmək üçün yüksək təqaüdlər verilmir? İdmançıya 100 min manat verən hökumət, tələbəyə 100 manatı niyə çox görür?
Nə qədər ki, sərəncamlar, fərmanlar imitasiya xarakteri daşıyacaq, o zamana qədər də təhsil çökməyə davam edəcək.
Cənab prezident, sözləri yox, təhsilə haram qatan, pis ənənələr gətirən, tələbəyə pul kimi baxan gözləri dəyişmək lazımdır. Thəsili acgözlərin, rüşvətxorların, savadsızların gözündən uzaq tutmaq lazımdır. Xaricdə futbol çempionatlarına sponsorluq etmək əvəzinə, xaricdə təhsil proqramının fəaliyyətini davam etdirmək lazımdır. Ölkəyə əcnəbi idmançıları gətirmək əvəzinə, xaricdə təhsil alan həmyerlilərimizin ölkəyə qayıtmasını təmin etmək lazımdır. “Elmi əməkdaş” sözünü, “elmi işçi” sözüylə əvəzləmək heç nəyi dəyişməyəcək. “Rüşvət” sözünü “şəffaflıq” sözüylə əvəzləmək lazımdır. “Saxtkarlıq” sözünü, “xalis” sözüylə əvəzləmək lazımdır. Ən əsası niyyəti, xisləti, nəfsi dəyişmək lazımdı.
Samir
Oxunub: 1562