Lerikin deputatı İqbal Məmmədov bir neçə aydır ki, məhkəmədə Xətai rayon sakinləri ilə çəkişir. “Azadliq radiosu” nun məlumatında bildirilir ki, deputat rayonun F.Bayramov küçəsi, 1156 ünvanında yerləşən yeni tikilmiş 24-mərtəbəli dörd binadan birindəki üç mənzili tələb edir. Həmin mənzillərin də ikisi üçotaqlı, biri isə dördotaqlıdır. İ.Məmmədov iddia edir ki, hələ 2008-ci ildə bu mənzillərə görə 654 min dollar pul ödəyib. Mənzillərdən ikisinin pulu tam ödənilib, yalnız üçotaqlılardan birinin pulundan 7 min 940 dollar borcu qalıb.
Məhkəməyə İ.Məmmədov müraciət edib. İddia ərizəsində də göstərib ki, 2008-ci ildə həmin mənzilləri almaq üçün «STS» şirkətinin baş direktoru Məzahir Cəfərovla müqavilə bağlayıb. Pulu da ona verib. Amma indi məhkəmədən xahiş edir ki, «STS» şirkəti ilə bağladığı üç müqavilə dəyişdirilərək, həmin binaların tikintisində iştirak etmiş başqa bir şirkətlə – «Sahil-D Company» ilə bağlanmış hesab edilsin. Hər üç mənzil də ona verilsin. Deputat 7 min 940 dollarlıq qalıq borcu da ödəməyə hazırdır.
Məsələ burasındadır ki, deputatın tələb etdiyi mənzillər xeyli vaxtdır ki, başqa adamların mülkiyyətindədir. Onlara mənzilləri isə «Sahil-D Company» satıb, müqaviləni bu şirkətlə bağlayıb.
Xətai rayon Məhkəməsində deputatın mənzil tələbi ilə bağlı iddia ərizəsinə baxılarkən həmin evlərdə yaşayan Şakir Məmmədov, Sərdar Əliyev və Əliağa Məmmədov da qarşılıqlı iddia qaldırıb. Onlar bildiriblər ki, mübahisə predmeti olan mənzilləri qanuni şəkildə alıblar, indi həmin mənzillərin deputata verilməsi mülkiyyət hüququnun pozulmasıdır.
Mənzilləri «Sahil-D Company»dən tələb edən deputat iddiasını belə əsaslandırır ki, onunla müqaviləyə imza atmış Məzahir Cəfərov hər iki şirkətin baş direktoru olub. Üstəlik, bu şirkətlərin hüquqi ünvanı da eynidir. Yəni, eyni adamlarındır.
Qarşı tərəf isə deyir ki, «STS» şirkətinin səlahiyyətli şəxsləri həbs olunub, binanın tikintisini başa çatdıra bilməyiblər. Ona görə də, «Sahil-D Company» bu işi davam etdirib və qanuni şəkildə mənzilləri satıb.
Hakim Səadət Səlimova deputatın iddiasını təmin etməyib. Məhkəmə belə nəticəyə gəlib ki, İ.Məmmədov pulu «STS»ə ödədiyinə görə həmin məbləğ – 654 min dollar bu şirkətdən alınıb ona qaytarılmalıdır.
Deputat qərardan narazı qalıb və apellyasiya şikayəti verib. Eyni zamanda, şirkətlərin hüquqi ünvanının Nərimanov rayonu ərazisində olduğunu nəzərə alaraq, bu rayonun məhkəməsinə də müraciət edib. Bu dəfə cavabdeh qismində şirkətlərlə yanaşı, sözügedən üç evin mülkiyyətçilərini də məhkəməyə cəlb edib.
İş Nərimanov Rayon Məhkəməsinin hakimi Abbas Əliyevin icraatındadır. Bu məsələyə avqustun 8-də baxılacaq.
Oxunub: 430