Nazirlik idmançıların pul mükafatını mənimsəyib
Artıq “Excelsior” otelin qarşısında təxminən 30-a yaxın güləşçi etiraza başlayıb.
Aksiyaçılar arasında Azərbaycanı dünya arenasında təmsil edən idmaçılarımız var. Onların əsas iddiası budur ki, güclü və əzmli olmaq üçün onlara yaradılan şərait heç ürəkaçan deyil. 12 aydır maaş almadıqlarını bildirirlər: “Yemək verilmir, həkimlər, masajistlər yoxdur.”
Dünya Çempionatına qatılmaq üçün hər bir idmançı xərcini özü qarşılayır. Maddi imkanı olmayan isə gedə bilmir.
İdmançıların üzləşdiyi vəziyyətə AXCP sədri Əli Kərimli feysbuk səhifəsində münasibət bildirib. AXCP lideri yazıb:
– Dəhşətdir. Güləşçilərimizə 15 aydır maaş və mükafat verilmir. Güləşçilərin masajçıları, həkimləri belə yoxdur, məşqə gəlməyə yol pulu tapmırlar, bəziləri maşın yumağa belə hazırdır ki, yol pulu əldə etsin. Bəs deyirdiniz idman dövləti qurmuşuq, ay saxtakarlar. Buyurun, bu da şöhrət naminə əcnəbilərə 300-500 min manat verib, Azərbaycan adından yarışa çıxarmaqla yaradılan “idmana qayğı”, “idman dövləti” nağılının sonu. Azərbaycanın tanınmış idmançıları da artıq dözmür, etiraz edirlər. Yaxşısı budur, dünya çempionu Rəsul Cunayevin özünü dinləyin.
***
Güləşçilərimiz Dünya çempionatını boykot edəcəklər
Azərbaycan hökuməti Rio olimpiadasında qalib gələn idmançılara pul mükafatı verəcəyini vəd etmişdi. Söhbət babat məbləğdən gedirdi. Olimpiadaya yola düşən idmançıları İlham Əliyev qəbul etmişdi, Azərbaycanın saz bir idman ölkəsi olduğu barədə uzun çıxış etmişdi və qaliblərə yüksək pul mükafatı da verəcəyini elan etmişdi. Sonra Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının üzvü Rəsul ÇUNAYEV çıxış edərək demişdi:
– …əldə etdiyimiz uğurlarımıza, idmançılara hər zaman göstərdiyiniz dəstəyə, diqqət və qayğıya görə Sizə Azərbaycan idmançıları, olimpiyaçıları və paralimpiyaçıları adından dərin təşəkkürümü bildirirəm. Bu gün haqlı olaraq xalqımız, dövlətimiz bizdən XXXI Yay Olimpiya Oyunlarında uğurlar gözləyir. Ona görə də biz bu Oyunlarda ən yüksək nailiyyətləri hədəf götürmüşük. İcazə verin, bütün idmançılar adından Olimpiya andını səsləndirim:
Biz, XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılar ölkəmizin idman şərəfini ləyaqətlə qoruyacağımıza and içirik! İdmançılar təkrar etmişdilər: And içirik! Bu mötəbər yarışlarda əzmlə mübarizə aparacağımıza, xalqımızın etimadını doğruldacağımıza, ölkəmizin adını uca tutacağımıza and içirik!
İdmançılar təkrar etmişdilər: And içirik!»… İndi məlum olur ki, İdmançılara söz verilən mükafat elə söz olaraq oralarda qalıb. Bir ay sonra isə Dünya Çempionatı başlanır. Sərbəst güləş və Yunan-Roma güləşi üzrə idmançılarımız isə Gənclər və İdman Nazirliyini, habelə bu idman növləri üzrə məsuliyyətli olan aidiyyatı qurumları boykot etməyə hazırlaşır.
İdmançılar bu yarışlara hazır olmadıqlarını deyirlər. Səbəb ? Onlar 12 aydır maaş almırlar. Yemək verilmir, həkimlər, masajçılar yoxdur. Dünya Çempionatına qatılmaq üçün hər bir idmançı xərcini özü qarşılayır. Maddi imkanı olmayan isə gedə bilmir. Bu məsələ ilə əlaqədar güləşçilərin mətbuat konfransı “Excelsior” oteldə olacaq.
Qeyd edək ki, milli komandanın idmançıları “Rio 2016” yay olimpiya oyunları zamanı qazandıqları pul mükafatlarını da indiyədək almadıqlarını söyləyirlər.
Azadliq.info
Oxunub: 866