Pensiyalarin, təqaüdlərin, müavinətlərin verilməsinin “yuxarı”dan göstərişlə monopolist “Kapitalbank”a tapşırılması acı nəticəsini göstərməkdədir. Bank əlillərin, pensiyaçıların, digər müştərilərin hesablarına avtomatik blok qoyub pul silir, hətta kartları da ödənişlə verir. İndi isə bankın daha bir monopolist özbaşınalığından müştərilər ziyan çəkir.
Nərimanov metrostansiyasının yaxınlığında 3 ay öncə açılan bankın kart mərkəzi bilərəkdən hamını eyni günə kart almağa dəvət edir və… aylarla pensiyaçıları süründürür. Axı gündə yalnız 200-300 nəfərə xidmət (buna xidmət demək mümkünsə!) göstərir. Çıxış yolunu hər rayonda kart verilməsini tətbiq etmək yerinə, qapını polislə bağlayıb heç kimi içəri buraxmamaqda görən “Kapitalbank”ın bu özbaşınalığına bağlantılı qurumlar reaksiya vermir. Elə bu görməzlik də yeni-yeni özbaşınalıqlara nədən olur. Artıq heç mərkəzin qapısından içəri keçməyin də anlamı yoxdur. Nədən xidmət qurumunun növbə nömrəsi verən qurğusunu sıradan çıxarmaqla xidmətdən imtina etməsidir. Mühafizə polisinin “qapı bağlamaq” səlahiyyətinin hansı qanunda yazılmasını da tapa bilmədik. Polis mühafizəyə cavabdehdir, yoxsa qapı güdməyə?
Məhkəməyə müraciət etməyin də sonucu olmur. Bu sətirlərin yazarının məhkəmədə qaldırdığı iddianı cavabdeh “Kapitalbank”ın sifarişilə Nizami (hakim Fikrət Mirzəyev) və Nəsimi (hakim Rəşid Səmədov) məhkəmələri necə it-bata salıblarsa, 1 ildən çoxdur nə Ədliyyə Nazirliyi, nə Məhkəmə Hüquq Şurası tapa bilir…
Məğrur Bədəlsoy,Qarabağ əlili, jurnalist
Oxunub: 678