Danimarkalı tədqiqatçılara görə, həftədə 3-4 dəfə alkoqol qəbul edən insanlarda heç vaxt içməyənlərlə müqayisədə 2-ci tip şəkərli diabetin inkişaf etməsi ehtimalı daha az olur.
Qanda şəkərin səviyyəsinin tənzimləməsində rol oynadığına görə şərab bu məsələdə daha faydalı sayılır, Diabetologia nəşrində dərc olunmuş tədqiqatın nəticələrində deyilib.
Tədqiqatçılar 70.000-dən çox alkoqol qəbul edən insanı müşahidə edərək, onların nə qədər və neçə dəfə spirtli içki içdiklərini qeydə alıb.
Ekspertlər xəbərdarlıq edir ki, tədqiqatın nəticələrini məsləhət görüləndən daha çox spirtli içki içməyə “yaşıl işığın” verilməsi kimi başa düşmək səhv olardı.
İngiltərənin Public Health England saytı xəbərdarlıq edib ki, spirtli içkilər xərçəng, ürək və qaraciyər xəstəlikləri kimi bəlaların səbəbkarlarından biridir.
Tədqiqatçılar beş ilə yaxın müddət ərzində diabet xəstəsi olan 859 kişi və 887 qadını müşahidə ediblər.
Tədqiqatçıların gəldiyi nəticəyə əsasən, spirtli içkini həftədə 3-4 dəfə qəbul edənlər qrupunda həftədə spirtli içkini bir gündən az qəbul edənlərlə müqayisədə diabet riski qadınlarda 32%, kişilərdə isə 27% azalıb;
Nəticələrə görə, alkoqolun heç də bütün növləri eyni təsirə malik deyil.
Şəkər səviyyəsinin tənzimlənməsində rol oynayan polifenollarla zəngin olduğuna görə şərabın, xüsusilə də qırmızı şərabın, daha faydalı olması qeyd olunub.
Pivə içənlərə gəldikdə, həftədə birdən altı dəfəyədək pivə içən kişilərdə diabet riski, həftədə bir dəfədən az pivə qəbul edənlərlə müqayisədə 21% azalıb, lakin qadınlarda belə bir fərqi müşahidə olunmayıb.
Eyni zamanda qadınlarda yüksək dərəcədə alkoqol qəbulu diabet riskini artırıb, lakin kişilərə təsir etməyib.
Digər tədqiqatlardan fərqli olaraq, sözügedən araşdırmada aşırı alkoqol qəbulu ilə diabet xəstəliyinin inkişafı arasında hansısa bir əlaqə aşkar olunmayıb. (BBC azeri)
Oxunub: 350