Jurnalistlərə tikilən ikinci evin də bölgüsü birincininki kimi dövlət səviyyəsində korrupsiya faktını ortaya qoydu. Yenə də jurnalist adına rüşvət məmurları mənzillərə yiyələndilər. Bircə onu demək yetər ki, bina 256 mənzildən ibarət olsa da 255 mənzilli olduğu bildirlilir. İnanmayanlar bir az öncənin “rəsmi dövlət qəzetlərini” vərəqləyə bilər.
“Azərbaycan” qəzetinin 22 iyul 2014 tarixli sayında baş redaktor Bəxtiyar Sadıqovun “Mənim evim var!” başlıqlı yazıda da, indiyə kimi basında gedən bilgilərdə də evin 256 mənzilli olacağı vurğulanıb. Birinci evin də 156 mənzilli yox, 157 mənzilli olması faktdır. Bəs bu bir mənzilin “yoxa çıxması” nədən soraq verir? Sualın cavabının aydınlığı yəqin şübhə doğurmaz. Bundan başqa ortalıq 15 mənzilin katibə-sürücü “jurnalistlər”ə hədiyyə olunduğu müəyyən olunub. Və indi hamı bunun qaydalara uyğun olmadığını “şərəf və ləyaqət məsələsi” kimi qələmə verir. Gerçəkdə isə bu “aztəminatlı KİV sürücü və katibələri” qondarma mənzil yiyələridir. Onların adına nazirliklərin, dövlət qurumlarının bir neçə evi, villası olan məmurları “mənzil kolleksiyasına olan ehtiyaclarını” qarşılayıblar. Tam əminliklə demək olar, KİVDF rəhbərinin kəndçisi, peşəkar sürücü DYP “jurnalisti”nin evdən payı var. Başqa adlar da açıqlaya bilərik. Amma fikrimizcə, bunu Hesablama Palatası, yaxud Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsi etməlidir. Prezident icazə versə…
Onu da vurğulayaq ki, açıqlanan siyahıda 255-ci mənzilin yiyəsinin “Jurnalist evi” MMC kimi göstərilməsi də mənzilin hansısa məmura satılması anlamına gəlir. Belə çıxır, jurnalist adına hüquqi şəxsə mənzil verilib? Binanın idarəçiliyinin hansısa MMC-yə verilməsi mənzilin də ona verilməsi anlamına gəlmir. Bəyəm indiyə kimi MİS (mənzil istismar sahələri), MTK binadan pul yığmaq üçün ayrıca mənzildə oturub? Yoxsa, bu “idarəçilik” jurnalistləri idarə etməyə yönəlib? Onda DİN-in, DTX-nın, FSB-nin də ayrıca mənzilləri olmalıdır? Lap idarəçilik adına olsa da, həyətdə ayrıca bir otaq tikmək belə çətin idi? Bütün bunlar həmin mənzilin də qanunsuz olaraq satılmasını ortaya qoyur.
Biz hələ evin tikintisinin “maliyyə çatmazlığından” 2 il gecikməsini, əlavə “yardım ayırmaları” ilə smetanın şişirdilməsini demirik. Yenə də bunu müvafiq maliyyə-nəzarətedici qurumlar deyə bilər. Təbii ki, imkan-icazə verilsə…
M.Ağsu
Oxunub: 654