Milan Kunderanın fikrini – “Biz hər şeyi 1 dəfə yaşayırıq, ilk dəfə və hazırlıq görmədən” – bir balaca inkişaf etdirsək, həyat eskizi bir az da mürəkkəbləşir. Yaxşı, tutaq ki, insana belə şans tanınsaydı, hər şey daha fərqlimi, başqamı olardı? Hər şey 2 və ya daha çox, yaxud dəfələrlə yaşansaydı, özü də lap hazırlıqlı, özgə nəticəyə ümid eləmək olardımı? Şəxsən mən bu sualların qarşısında dərin şübhə və tərəddüd içindəyəm. Bu həyat repitisiyasız həyatdır. Bu dünya repitisiyasız dünyadır. Bəlkə də həyatın bunca mürəkkəbliyinin, dünyanın bunca qəlizliyinin sirri-xudası da məhz elə bunda – ilk dəfə və hazırlıqsızlıqda gizlənib? Davranış variasiyaları unikallığın pozulması, tamlığın əksi olmazdımı? Allahın repitisiyasız, hazırlıqsız və 1 dəfəyə, birnəfəsə yaratdığı dünyada bəndənin hazırlıqlı və təcrübəli həyat arzusu nə dərəcədə haqlı və əsaslı, üstəlik də qanunauyğundur? “Aktyor tamaşadakı rolunu heç bir məşq keçmədən necə oynaya bilər?”. Bu aşkar şübhə dolu sualın içində bir tərəfdən qüsursuzluq həsrəti, o biri tərəfdən də yaradılışın əbədi eybinə gizli eyham gizlənib əslində. Hərçənd o da istisna deyil ki, hazırlıqsız da rol oynamaq olar, bu da mümkündür. Amma orası da şübhəlidir ki, bu hazırlıqsız oyunun estetikası hansı bədii səviyyədə olacaq, yoxsa ümumiyyətlə olmayacaq, finalda o umulan alqışlar eşidiləcək, ya ümumiyyətlə sükutdan qulaqlar tutulacaq?
Hətta hazırlıqlı artistin də suflyoru olur. Allahın verdiyi insan ömrününsə suflyoru yoxdur. İlk dəfə və hazırlıqsız. Yaradılışın abesi belədir.
***
30 il, 40 il, uzaqbaşı 50-60 il. Hazırlıqsız və vur-tut və cəmi-cümlətanı 1 dəfə yaşanan ömür. Özü də suflyorsuz. Hazırlıqsız, 1 dəfə və suflyorsuz yaşanan həyatdan estetika gözləməyə, qüsursuzluq axtarmağa, eybə gizli eyham vurmağa və alqış ummağa kiminsə haqq varmı?! Axı bu əbədiyyətdən 30 ili, 40 ili, lap elə uzun və hədsiz təfərrüatlı 80 ili çıxanda yerdə nə qalır? Ya elə əbədiyyətin üstünə 30 ili, 40 ili, ya elə 80 ili gələndə nə edir? Və yaxud əbədiyyəti 30 ilə, 40 ilə, dopdolu 80 ilə bölüb, ya çıxanda (başqa riyazi hesablama qaldımı?) yerdə nə qalır?
Mənim dəqiq elmlərdən o qədər də başım çıxmır. Amma bu və oxşar sualların cavabını dəqiq bilirəm:
Yerdə qalan əbədiyyətdir! Ya da heç nə.
Əbədiyyətin yersiz kamilliyi və qıcıqlı harmoniyası önündə məntiqi heç nəyi ifadə eləməyən 30-80 illik ömür-pauzadan əbədiyyətə xas olan keyfiyyətlər – hazırlıqlılıq və təcrübəlilik tələb eləmək özünə arqument axtaran həyat priyomu, ya da ən pisi – əbədiylə heç nəyin əndrabadi öcəşməsi deyilmi?
***
Hazırlıqlı, daimi var olan əbədiyyətin fonunda ilk dəfə və hazırlıqsız, özü də suflyorsuz insan həyatı xoş keçmiş gecənin səhər alatoranında gecə yuxusunun ala-bula yaddaş xatirələri kimi bir şeydi. Ha çalışırsan, az əvvəl təsirindən ayıldığın yuxunu detallarına qədər yaddaşında canlandırıb yenidən və təkrar-təkrar yaşayasan, nəsə alınmır ki, alınmır. Yaddaş namərdcəsinə xəyanət edir! Sadəcə, yuxunun dadı qalır…
Özü də burası da var ki, bu həyat dadı damaq dadı da deyil.
Mənə elə gəlir ki, Kundera əbədiyyət önündə, əbədi var olanın qarşısında sayıqlayır, ona inanmayın!
***
Adam hərdən niyəsə dünyanı başının üzərindən yerə tullamaq istəyir. Düz ayaqlarının altına…
Oxunub: 426