Həbsdəki jurnalist Elçin İsmayıllının işi məhkəməyə göndərilib. Bu barədə “Azadlıq” radiosuna jurnalistin vəkili Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, bu gün E.İsmayıllı ilə məhkəməyə hazırlıq məsələlərini müzakirə edib.
E.Sadıqov jurnalistin ittihamlarının ağırlaşdırıldığını qeyd edib.
E.İsmayıllı əvvəlcə Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə günahlandırılırdı.
“Maddələrini ağırlaşdırıblar. İstintaqın yekununda ona Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham irəli sürülüb. E.İsmayıllıya 182-ci (hədə qorxu ilə tələb etmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürüblər. Bu ittihamlara görə, ona 8-12 il həbs cəzası verilə bilər”, – vəkil vurğulayıb.
E.İsmayıllının cinayət işi baxılmaq üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Ancaq hələlik məhkəmənin vaxtı açıqlanmayıb.
İsmayıllıda yaşayan müstəqil jurnalist Elçin İsmayıllı fevralın 17-də saxlanılıb. Fevralın 18-də Nəsimi Rayon Məhkəməsi onun barəsində 24 günlük həbs qətimkan tədbiri seçib. Sonradan onun həbs müddəti bir neçə dəfə uzadılıb.
Vəkilinin bildirdiyinə görə, istintaq materiallarında jurnalist İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin bir əməkdaşını hədələyərək pul tələb etməkdə günahlandırılır. İddiaya görə, həmin şəxs rəsmi qaydada Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib və Elçin İsmayıllı pul alacağı əsası ilə həbs olunub. Vəkilin sözlərinə görə, jurnalist həbsinin qurama, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib: “Elçin İsmayıllı deyir ki, bu iş quramadır. Həmin adamı 2003-cü ildən tanıyır, yaxşı münasibətləri var. Bir ay öncə ondan 1000 manat borc pul istəyib. İki gün əvvəl Elçinə zəng edib ki, pul hazırdır. Görüşüblər, pulu alanda Elçin İsmayıllını həbs ediblər”.
Oxunub: 228