Avqustun 3-ü axşam saatlarında Bakının Heydər Əliyev prospektində baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “Mercedes Gelandewagen” markalı avtomobillə törədilmiş dəhşətli qəza gündəmin əsas mövzularından birinə çevrilib.
Yayılan məlumatlarda göstərilir ki, qəzaya səbəb yüksək sürət və ötüşmə olub. Belə ki, 10 PP 203 dövlət nömrə nişanlı “Mercedes Gelandewagen” qırmızı rəngli 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobili ilə sürət yarışına çıxıbmış.
Bəzi məlumatlara görə, avtomobildəkilər çimərlikdən qayıdırmış. Başqa bir məlumatda isə onların qəzadan əvvəl “Maga” adlı kafedə olduqları deyilir.
Avtomobillərin Heydər Əliyev prospektində 200-250 km/ saat sürətlə hərəkət etdiyi bildirilir. Hətta şahidlər bildirirlər ki, hadisə baş verən zaman N. Allahverdiyevin digər avtomobildə olan dostu camaatı söyərək hadisə yerindən qovubmuş.
Sosial şəbəkədə sürücülərə məxsus xüsusi qrupda bir neçə şahid həmin iki avtomobilin yarışdığını, yolda onları ötüb keçdiyi qeyd ediblər.
Məlumatlarda o da bildirilir ki, qəza zamanı“Mercedes Gelandewagen”də həlak olan Mehdi Əliyev Nail Allahverdiyevin bibisi oğludur. Ötən gün “Mercedes Gelandewagen”i M.Əliyevin idarə etdiyi, N.Allahverdiyevin isə hadisə yerində olmadığı haqda məlumat verilsə də, sonradan belə xəbərlər yayıldı ki, baş nazirin nəvəsi də qəzaya düşənlərin içində olub və ağır xəsarətlə xəstəkanaya yerləşdirilib.
Daha bir maraqlı detal isə “Mercedes Gelandewagen”lə ötüşən “Mazda”nın kimə məxsus olması barədədir. Belə ki, “unikal.org” saytının yazdığına görə, avtomobil fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərova məxsusdur.
azadliq.info
Oxunub: 2682