Xeyr, bu, gecikmiş yazı deyil. Özüm bilərəkdən bir müddət gözlədim ki, bəlkə İlham Əliyevdən mənzil almış jurnalistlərdən heç olmasa biri, bu qədər tənqidlərdən sonra nəsə bir bəratverici addım atdı. Yəni, şans tanıdım. Düşündüyüm kimi, belə bir şey baş vermədi.
Bir xeyli əvvəl Yaponiyanın məşhur KATO şirkəti İrana kran satışını dayandıracağını bəyan etmişdi. Çünki İranda insanları açıq meydanlarda, camaatın gözü qarşısında KATO kranlarından asaraq edam edirlər. Hərçənd ki, bu nəhəng istehsal və kommersiya şirkəti bunu görməyə və etməyə də bilərdi. Çünki baş verənlərin onunla heç bir əlaqəsi yox idi. Amma bəzi jurnalistlər, özlərini jurnalistikanı və jurnalist həmkarlarını hamının gözü qarşısında edam edən İlham Əliyevdən ənam almaqdan saxlaya bilmədilər. “Keçmə namərd körpüsündən, qoy aparsın sellər səni” prinsipini kobud şəkildə pozaraq. Hərçənd ki, heç sel-zad da yox idi. Hər şey olduğu kimi davam edə bilərdi.
İlham Əliyevin jurnalistlərə mənzil paylaması cəmyyətdə ən çox diqqətçəkən və müzakirə olunan məsələlərdən biri oldu. İnsanlar iki yerə bölünmüşdülər. Bunu qınayanlar və təqdir edənlər. Mən qınayanların sırasındayam. Ümumiləşdirsək, mənzil almış jurnalistlər deyirlər ki, bu, onların haqqıdır. Mən isə deyirəm ki, xeyr, haqqınız deyil. Mövqeyimi izah etməyə çalışacam.
Düşünürəm ki, ölkə başçısının vətəndaşları maddi mükafatlandırmaq səlahiyyəti var. O, bunu mənzil verməklə də edə bilər, başqa maddi yardım formasında da. Hətta bu, lazımdır da! Dövlət və xalq qarşısında müstəsna xidmət göstərmiş, cəmiyyətin tərəddüsüz qəbul etdiyi və dəyər verdiyi müxtəlif peşə sahələrinə aid şəxslər mükafatlandırıla bilərlər. Soruşram, indiyədək İlham Əliyevdən mənzil almış jurnalistlərdən, kimin belə bir xidməti olub? Heç birinin! Onlar yalnız gündəlik cari işləri ilə məşğul olublar, necə ki, bunu müəllimlər, həkimlər, polislər, vergi müfəttişləri və s. də edirlər.
Arqumentlərdən biri budur ki, jurnalist aldığı maaşla heç vaxt özünə mənzil ala bilməz. Azrəbaycanda kim aldığı maaşla özünə mənzil ala bilər ki? Müəllim? Həkim? Mühəndis? Polis? Demək olar ki, heç kəs! Bu ölkədə hamı az maaş alır, siz istisna deyilsiniz. Axtarsan, məlum olar ki, əslində jurnalistlər bir çox peşə sahiblrindən daha çox qazanırlar. Jurnalistlərə mənzil verilməsi məsələsi son üç ildə meydana çıxıb. Mənzil almış jurnalistlərin əksəriyyəti bundan qat-qat əvvəl jurnalist fəaliyyətinə başlayıblar. Ovaxt sizi bu peşəyə dövlət məcburən göndərmişdi? Onda az maaşla necə mənzil ala biləcəyiniz haqqında düşünmədinizmi? Tutaq ki, bu məmzillər verlməyəyədi, siz nə edəcəkdiniz? Sizin, sovet dönəmində müəssisəyə göndərilmiş gənc mütəxəssis statusunuz-zadınız var ki, “mənzil almaq haqqımzdır” deyirsiniz. Əgər bu, sizin haqqınızıydısa, onda nəyə görə İlham Əliyevə təşəkkür məktubu yazırdınız? Sovet dönəmində işlədiyi müəssisədən mənzil almış fəhlənin Brejnevə, nazirə və ya trestin müdrinə təşəkkür məktubu yazdığını eşidibsinizmi? Yazmırdılar və heç ağıllarına da gəlmirdi, çünki mənzil almaq onların haqqı idi. Sizin, uzaqbaşı hansısa fəxri adda umacağınız və haqqınız ola bilər, amma bahalı mənzildə yox!
Bəziləri yazdılar ki, ovaxtlar Bağırov da Hüseyn Cavidə mənzil veribmiş, nə bilim Saxarova da mənzil verilibmiş və s. Zəif arqumentlərdir. Çünki ovaxtlar hətta dövlət orqanları, istehsal müəssisələri və s. o yana dursun, bədii yaradıcılıq təşkilatları belə, dövlətin idi və bütün şairlərə, yazıçılara, bəstəkarlara, heykəltaraşlra, jurnalistlərə, rejissorlara, aktyorlara və s. mənzili dövlət verirdi. Bu qanuni bir şey idi və mənzil almaq həmin çəxslərin doğrudan da haqqı idi. Həmin mənzilalma ilə sizin mənzilalmanızın arasında heç bir oxşarlıq yoxdur.
Sizcə İlham Əliyevin jurnalistlərə “qayğısının” səbəbi nədir? Doğrudanmı o, sizləri çox sevir? Xeyr, o, sizlərə nifrət edir. Çünki jurnalistlər onun bütün bəd əməllərini dünya ilə bir edirlər. O, bunu qətiyyən istəmir. İlham Əliyev başından onu tərifləmiş jurnalistlərin heç birini tanımır və yazdıqlarını da heç vaxt oxumayıb. Əslində onun, onu tərifləyən jurnalistlərə mənzil vermək fikri-zadı olmayıb, heç bunu istəməyib də, sadəcə onları da sizin gözünüzə qatıb ki, bu, “ümumi qayğı” kimi görünsün. Əlbəttə ki, o, təkcə ələ almaq istədiyi jurnalistlərə mənzil bağışlaya bilməzdi və bunu heç cür izah etmək olmazdı. Onu həmişə tənqidi yazan jurnalistlər “maraqlandırıb”. Elmar Hüseynov, Xədicə İsmayıl, Eynulla Fətullayev, Bahəddin Həziyev, Pərviz Həşimli, Nicat Əmiraslanov, Seymur Həzi, Əziz Orucov, Əfqan Muxtarlı, Sərdar Əlibəyli, (elə mən özüm də) və digərləri zaman-zaman bu “maraq”dan nəsiblərini alıblar. Kimisi həyatını itirib, kimisi sağlamlığını, kimisi həyatının bir hissəsini və s. İlham Əliyev görəndə ki, jurnalistləri öldürmək, döymək və həbs etməklə susdurmaq olmur, əksinə hər belə addımdan sonra bumeranq zərbəsi alır, bütün dünya ayağa qalxıb onu qınayır, o, birinci silahı fəaliyyətdə saxlamaqla, ikinci silahı da işə salır.
Bu, daha rahat, qorxusuz və özünə qarşı hücumlara səbəb olmayan silahdır: Jurnalistləri ələ almaq! Yəni, jurnalisti güllə ilə yox, rüşvətlə öldürmək, həbsxanya yox, bağışlamış mənzilə göndərmək. Təki o, yazmasın. Əslində İlham Əliyev reket jurnalistlərin öz qurbanları ilə davrandığı kimi davranıb. Reket jurnalist deyir “ver, yazmayım”, İlham Əliyev də deyir “verirəm, yazmayın”. Yeri gəlmişkən, elə reket jurnalistikası da İlham Əliyev idarəçiliyinin məhsuludur. Bu adam necə jurnalistlərin dostu və qayğıkeşi ola bilər? Hələ bir dəfə də də olsun yerli mətbuata müsahibə verməmiş İlham Əliyevin nə qədər qəzet, TV, sayt bağladığını ki, yaxşı bilirsiniz. Belə isə, özünü bilməməzliyə qoyub “jurnalistlərin qayğısını çəkən” adamdan mənzil hədiyyə almaq çox qeyri-etikdir. Sz ondan ev almalı deyildiniz, özünün şərləyib həbsə atdığı jurnalistləri evlərinə buraxmağı tələb etməliydiniz. Bir də ki, tənqidi mövqedə olan KİV-lərdə şirkətlərin reklam verməsini qadağan etməklə, satışını əngəlləməklə, qəzet köşklərini yığışdırmaqla, satışdan əldə edilmiş pulları qaytarmamaqla və digər inzibati vasitələtlə onları iflas etməyə çalışan adamın, jurnalistikaya qayğısından danışmaq çox yersiz görünür.
Qanuna əsasən dövlət hərbi xidmət zamanı həlak olmuş hər bir əsgərin ailəsinə 11min manat (ovaxt bu təxminən 13 min ABŞ dolları edirdi) sığorta pulu ödəməlidir. Bax, bu onların haqqıdır. Xalqdan oğurladığı varidatı, ölkənin dövlət büdcəsindən dəfələrlə çox olan İlham Əliyev indiyədək həmin pulları ödəməyib. Guya ki, vəsait çatışmır, amma jurnalistlərə müftə mənzil paylamağa istənilən qədər vəsait tapılırmış. Ölkəyə bir qara qəpik xeyir gətirməyən, beynəlxalq yarışlara milyardlar çox rahatca tapılır, amma canını bu Vətən yolunda qurban vermiş əsgərin qan pulunu ödəməyə vəsait tapılmırmış. Çünki ölmüş əsgər, ona, onu ifşa edən jurnalist kimi problem yaratmır.
Bəziləri deyir ki, mənzil veriləndən sonra heç kəs ondan daha yazmamağı tələb etməyib. Əvvəla, elə mənzil verilməsinin özü həmin tələbin özüdür. Ay dilbilməz, mənzili elə ona görə veriblər də. Bir halda ki, sizin qarşınızda belə tələb qoyulmayıb, onda göstərin özünüzü. Yazın, İlham Əliyevin bəd əməllərindən, görüm yazırsınızmı? Heş olmasa, bu başıbəlalı mənzillərin paylanması zamanı baş vermiş haqsızlıqdan yazın. İlham Əliyevi tənqid edin ki, şəxsi nəzarətində olan bir məsələdə də obyektivliyi təmin edə bilmədi. Jurnalist olmayan və ya mənzili olan çoxlu adam soxuşduruldu bu siyahıya. Amma həqiqi ehtiyacı olan və bəyan edilmiş prinsiplərə görə haqqı çatan xeyli jurnailst həmkarınız kənarda qaldı. Bir binanın mənzillərini ədalətli şəkildə bölünməsini təşkil edə bilməyən İlham Əliyev, 10 milyonluq xalqa çatmalı olanları da eləcə bölür.
Bu günərdə məlum oldu ki, İlham Əliyev ölkənin qızıl ehtiyatının axırıncı 18 tonunu da satıbmış. Bəlkə də sizə tikilən bina, elə həmin qızılların hesabına tikilib. Bəlkə də həmin biçarə qızıllar Kislovodsk kurortunu təmir etmək üçün satılıb, nə bilmək olar. Bir halda ki, sizə yazmağı qadağan etməyiblər, di, yazın bundan. Jurnalist və jurnalistika üçün bundan aktual və maraqlı mövzu ola bilməz. Amma onu da nəzərdən qaçırmayın ki, mənzillərin açarlarını hələ verməyiblər, deyirlər dekabrda verəcəklər. Nə bilmək olar, bir də gördün…
Oxunub: 1004