Səhhətində ciddi problemlər olmasına baxmayaraq, hərbi xidmətə aparılan və iyulun 29-dan Bakıda Mərkəzi Hərbi Klinik Hospitalda koma vəziyyətində olan Nicat İlyasov avqustun 6-da dünyasını dəyişib.
Bu haqda “Azadliq.info”ya onun yaxınları məlumat verib. Nicat İlyasov cəmi bir həftənin əsgəri olub. O, iyulun 22-də Yevlax rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə aparılıb. Hərbi xidmət üçün Naxçıvana göndərilib.
Atası Bayram İlyasov deyir ki, övladı hərbi xidmətə apatılmaq üçün tibbi yoxlamadan keçərkən onun səhhətindəki problemləri həkimlərin nəzərinə çatdırıb. Nicatın həmin problemlər üzündən cibində daim dərmanla gəzdiyini, başağrılarından əziyyət çəkdiyini deyən Bayram İlyasovun sözlərinə görə, müayinə zamanı həkimlər özləri də bunun şahidi olublar. Onlar gəncin sağlıq durumunun qaydasında olmadığını desələr də, son nəticədə Nicatın sağlam olması haqda rəy veriblər.
Ata oğlunun ölümünə xəstə gənci hərbi xidmətə göndərdiyinə görə Yevlax rayon Hərbi Komissarlığını və vaxtında yardım göstərmədiyinə görə Naxçıvan Hərbi Hospitalının həkimlərini günahlandırır. O, bu şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir.
Azadliq.info
Oxunub: 606