Təbriz Mərkəzi Zindanında saxlanılan siyasi məhbus Həbib Sasaniyanın 50 gündən artıq çəkən aclıq aksiyasına son verdiyi bildirilir.
Türk fəalın həyat yoldaşı bir neçə həftə öncə Amerikanın Səsinə müsahibədə onun bir ildən artıqdır məhkəmə hökmü olmadan nəzarətdə saxlanıldığını və buna etiraz olaraq aclıq aksiyası keçirdiyini söyləmişdi.
Güney Azərbaycan Televiziyası (Günaz TV) və AZOH kimi veb səhifələrin yaydığı məlumata görə, məhkəmə qurumu və həbsxana məsulları Həbib Sasaniyanın tələblərinin yerinə yetiriləcəyinə söz veriblər. Məhbus bu vədlərdən sonra aksiyaya son qoyub.
Həbib Sasaniyan məhkəmə vəziyyətinin müəyyənləşməsi və müvəqqəti azadlığı üçün istənilən zəmanət məbləğinin azaldılmasını tələb etmişdi.
Ötən bir neçə ay ərzində, xüsusilə aclıq aksiyası zamanı, dəfələrlə Həbib Sasaniyanın sağlıq vəziyyətinin ağırlaşdığı və xəstəxanaya köçürüldüyünə dair xəbərlər yayılmışdı.
Həbib Sasaniyan və 2016-cı ilin may ayında onunla bərabər nəzarət altına alınan İsmayıl Əfxəmi, Həmid Səqəfi, Mehdi Cavadzadə, Yunus Rəhimi və Babək Avənd casusluq ittihami ilə üzləşiblər.
Tutulanların beşi nəzarət altına alındıqdan bir müddət sonra müvəqqəti şəkildə sərbəst buraxıldılar. Lakin Həbib Sasaniyan mühakimə edilmədən uzun müddət həbsdə saxlanılıb.
amerikaninsesi.org
Oxunub: 132