“Bazar günü axşam Rusiya Dövlət Televiziyasında (RTR) Putinin yaxın adamı Solovyovun “Voskresnıy veçer” tok-şousuna bir az baxdım. Rusiyanın tanınmış elm və mədəniyyət xadimləri ABŞ-ın sanksiyasından sonra ölkәlәrinin durumunu müzakirə edirdilər. Polemikalar zamanı Rusiyanın tanınmış ictimai xadimlərinin onların AzTV-sində səsləndirdiyi bəzi fikirləri sizә tәqdim edirәm. Məsələn, akademik Pivovarov deyirdi: “Prezident Putin 2012-ci ildə fərman verib ki, 2017-ci ilə qədər elm, təhsil, mədəniyyət sahəsində çalışanların əmək haqqı 2 dəfə artırılsın. İndi həmin fərmanı yerinə yetirə bilmirlər. Bizi Akademiyada yarımşatat işə keçirdib, eyni maaşı saxlayırlar və hesabat verirlər ki, akademiklərin maaşı 2 dəfə artdı”. Akademik Pivovarov davam edir. Deyir, “mən akademikəm, ancaq mənim pensiyam dərmanlarımı almağa çatmır. Mən hələ işləyirəm və dərmanlarımı birtəhər ala bilirəm. Mən işləməyəndə dərmanlarımı necə alacam? Mən akademik bu vəziyyətdəyəmsə, digər pensionerlər necə yaşayır?”
Mövzunu davam edən başqa bir professor deyir ki, heç “Böyük Vətən müharibəsi” zamanı müəllimlərin maaşı azaldılmamışdı, ancaq indi təhsil xərcləri kəsilir və həmin vəsait hərbi sənaye kompleksinə yönəldilir. 3-cü natiq daha sərt danışır, deyir, “hətta ABŞ orduya ÜDM-nin 3.5 faizini xərcləyir, Almaniya və əksər Avropa dövlətləri ÜDM-nin 2 faizindən də azını hərbi xərclərə ayırır, biz niyə ÜDM-in 5 faizini hərbi xərclərə ayırıb, təhsili məhv etməliyik?” 4-cü natiq iddia edir ki, Rusiyanın əsas problemi dünyadan təcrid olmaqdır. Deyir ki, heç çarların vaxtında da Rusiya dünyadan belə təcrid olmamışdı. III Aleksandr mühafizəkar mütləqiyyətçi ola-ola Fransız respublikası ilə ittifaq yaratmışdı ki, Rusiya təcrid olmasın, ancaq indi ölkә təcrid olub.
Azərbaycanlı oxucuların artıq yaxşı tanıdığı, Əliyevlərin dostu, rus millətçisi, yazar, filosof Proxanov isə deyir ki, ABŞ sanksiyalarından sonra ciddi maddi itki ilə üzləşən oliqarxlar Putindən narazıdırlar, Rusiyanı qarşıda ciddi qarışıqlıq gözləyir…
Dostlar, haqqında bəhs etdiyim müzakirələr bir daha vurğulayıram ki, Rusiyanın dövlət televiziyasında aparılırdı. Danışanlar da Rusiya cəmiyyətinin seçilmişləri, elmi, mədəni, siyasi elitasının təmsilçiləri idi. Siz buna bənzər söhbəti bizim akademiklərin, professorların, digər ziyalıların, həm də AzTV-də etməsini təsəvvürünüzә gәtirә bilirsiniz?
Mən çox yaxşı bilirəm ki, Rusiya hakimiyyəti özü də avtoritardır. Nəinki avtoritardır, hətta dünyadakı bütün qeyri-demokratik hakimiyyətlərin dayağıdır. Ancaq hətta Rusiyada da Azərbaycandakı küt, bacarıqsız, biabırçı idarəetmə, xalqa saymazlıq yoxdur.
Xatırlayıram ki, ötən əsrin 90-cı illərində biz Azərbaycanı əhalisinin sayı bizə yaxın olan Avropa ölkələrilə – Belçika, İsveç, Avstriya, Çexiya və s. müqayisə edərdik. O ölkələrin standartlarına necə yaxınlaşmaqla bağlı xəyallar qurardıq. Sonradan 24 il davam etmiş sülalə hakimiyyəti bizi elə həddə qədər endirdi ki, artıq xeyli vaxtdır, Azərbaycandakı idarəetməni Avropa dövlәtlərilə, digər inkişaf etmiş ölkələrlə müqayisə etmirəm. Onlardan çox geridə qaldığımızı nəzərə alıram, qəbul edirəm. Ancaq dünənə qədər bizimlə eyni səviyyədə olan, tarixi, coğrafi, mental amillərə görə bizimlə müqayisə oluna bilən dövlətlərdən də çox geriyə getdiyimizi görəndə narahat oluram, hətta dövlətimizin bu halına görə utanıram.
Gürcüstan barədə yazmayacağam. Gözümüzün qarşısında avropalaşan bu kiçik qonşumuz haqda çox yazmışıq. Dostlar, hamımız birlikdə düşünməliyik. Necə olur ki, düşmən dövlət olan Ermənistan informasiya texnologiyası üzrə bir ildə 520 milyon dollarlıq məhsul satır, biz isə ümidimizi qul əməyi olan pambıqçılığa, fındığa, baramaya bağlayırıq? Necə olur ki, işğalçı dövlətin bütün liderləri 2 müddətdən artıq hakimiyyətdə qalmağa çalışmırlar, bunu xalqlarına hörmətsizlik sayırlar, ancaq bizdə 24 ildir bir ailə hakimiyyətdən əl çəkmir, indi də onu əbədi etmək üçün planlar qurur? Necə olur ki, düşmən dövlət şəhərin mərkəzi meydanlarında, küçələrində gecə, gündüz müxalifətin yürüş və mitinqlərinə imkan yaradır, parlamentdə 3-4 fraksiya olur, ancaq bizdə 50 nəfərlik piket də qadağan edilir, parlament real müxalifətin üzünə bağlanır, hətta müxalifətə düşmən kimi baxılır?
Necə olur ki, Avropanın axırıncı diktatoru adlandırılan Lukaşenko belə bütün siyasi məhbusları azad edir, ancaq Azərbaycan 150 nəfərdən artıq siyasi məhbusu ilə adambaşına düşən siyasi məhbusların sayına görə dünya birincisi olur? Özünüzə sual verin, dünyada pis idarəetmənin simvollarından biri olan həmin Belarusda bizim ölkəmizdəkilə müqayisə oluna biləcək korrupsiya, qanunsuzluq, ədalətsizlıik, təbəqələşmə varmı?
Biz nə vaxta qədər Qazaxıstandakı islahatlara, Monqolustandakı seçkilərə heyranlıqla baxıb, ah çəkəcəyik? Bilirsiniz ki, Qazaxıstan hər il Azərbaycanda son 10 ildə olduğundan çox tələbəni dövlət hesabına xaricdə təhsil almağa göndərir? İki gün əvvəl yazmışdım, Azərbaycanı daimi tərk edənlərin 29 faizi Qazaxıstana gedir. Görürsünüz hansı vəziyyətdəyik?
Dostlar, bilirsinizmi, yaddaşımızda daha çox pambıqçılığın inkişafı ilə qalmış Özbəkistanda müstəqillik illərində çox ciddi maşınqayırma sənayesi yaranıb? Necə olur ki, Özbəkistanda onlarla zavodda, onlarla brendlə, ildə 100 minlərlə avtomobil, avtobus, minibus, yük maşınları istehsal olunur, həmin maşınlar onlarla ölkəyə satılır, ancaq biz İsmayıllı velosiped zavodunu da işlədə bilmədik? NAZ-Lifan nağılı da elə nağıl kimi bitdi.
Pakistanda baş nazirin ailə üzvlərinin ofşor hesablarda pulları aşkar olunanda onu istefaya göndərdilər. Azərbaycan dövlət başçısının bütün ailə üzvlərinin adına ofşor hesabların, şirkətlərin olması niyə normaya çevrilməlidir? Hətta Özbəkistan prezidenti də yaltaqlığı qadağan edir, ancaq yaltaqlıq məhz bizim ölkəmizdə çiçəklənir. Görürsünüz, Rəsulzadənin qurduğu Şərqin ilk demokratik cümhuriyyətini nə günə salıblar?
Dostlar, heç şübhəsiz ki, ölkəmizdə hələ də demokratik, xalq tərəfindən seçilən və dəyişdirilən hakimiyyəti formalaşdıra bilməmək millət olaraq bizim məsuliyyətimizdir. Lakin onu da qəbul etməliyik ki, subyektiv cəhətdən də bizim bəxtimiz heç gətirmədi. Ayrı-ayrı şəxslərin tarixi prosesin hansısa mərhələsinə mənfi və müsbət təsirləri indi əksəriyyət tərəfindən qəbul olunur. Düzdür, ayrı-ayrı şəxslər tarixin inkişaf istiqamətini dəyişə bilmirlər, lakin onlar hansısa dövrdə xalqlarına ya yaxşılıq, ya da pislik edə bilirlər. Bizim bəxtimiz onda gətirməyib ki, avtoritar idarəetmənin də ən qabiliyyətsizi, ən acgözü, xalqa heç canı yanmayanı bizə düşdü. Düşünmək və hazırkı durumumuza görə utanmaq lazımdır. Düşünmək və utanmaq mərhələsindən sonra isә qəddini düzəltmək, Vətənin xilası üçün şərəfli mübarizəyə qoşulmaq lazımdır. Azərbaycan belə idarəetməyə layiq deyil!
Sahibsiz olan məmləkətin batması haqdır,
Sən sahib olursan, bu Vətən batmayacaqdır!”
Oxunub: 754