«Yazıb qapıya yapışdırıb ki, çilingər, qaynaqçı tələb olunur. Bilirsiz niyə hər ay işçi axtarılır? Çünki adamları işlədib aylarla maaşını vermirlər, sonra da elə münasibət göstərirlər ki, fəhlə özü qaçıb gedir».
Bunu AzadlıqRadiosuna «Akkord» Sənaye Tikinti İnvestisiya Korporasiyasının Mingəçevir Maşınqayırma Zavodunun fəhlələri deyir.
«ŞƏNBƏ GÜNÜ DƏ İŞLƏDİRLƏR»
Zavodda çalışanların iddiasına görə, yarım ildir ki, maaşları verilmir. Qaynaqçı Səxavət Nəsibov:
«Hər gün qulaqlarımız «sabah maaş olacaq», «birigün maaş olacaq» eşitməkdən yorulub. İnsanı nə qədər aldadarlar? Hər gün rəhbərliyin qapısında toplaşırıq, saatlarla gözləyirik ki, biri qarşımıza çıxsın, konkret söz desin. Toplaşırıq, gözləyirik, dağılışırıq. Fəhləni adam yerinə qoyan yoxdur. Bizi şənbə günləri də işlədirlər, gəl ki, pul verməyə gələndə fəhlənin üzünə də baxmırlar».
Fəhlələrin dərdi bununla bitmir. Onlar zavod rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulduğunu, iş saatlarından əlavə işlədiklərini, hətta iş həftəsinin beşgünlük olmasına baxmayaraq, qeyri-iş günlərində də işə çıxdıqlarını deyirlər.
«FƏHLƏ OLMASA…»
Fəhlə deyir, maaşların gecikməsi onu ailənin yanında da «xəcalətli» edib:
«Burdakı fəhlələrin hərəsinin evində həll ediləsi xirtdəyəcən problemi var. Əlili, xəstəsi, qocası, uşağı olan var. Aylardır ki, işıqpulu, supulu, qazpulu yığılıb, ödəyə bilmirəm. Hər gün zavoddan çıxıb evə gedəndə ailəmin üzünə baxa bilmirəm. Bu şirkətin yalnız baş ofisində çalışanlar vaxtında maaşlarını alırlar. Hər bir şirkət fəhlənin, sürücünün çiyinləri üzərində dayanır. Fəhlə olmasa, o ofisdə oturan köynəyi ütülü oğlanlara da ehtiyac qalmaz».
Fəhlələr aylarla yığılmış maaşlarının ödənilməsini tələb edirlər. Buna görə «Akkord»un Mingəçevir Maşınqayırma Zavodunun rəhbərliyinin əyləşdiyi ofisin qarşısına toplaşsalar da, tələblərini dinləyən yoxdur.
GÜN ƏRZİNDƏ MƏLUMAT VERİLƏCƏK
«Akkord» Sənaye Tikinti İnvestisiya Korporasiyasının baş ofisindən «Qaynar xətt»ə bildirilib ki, gün ərzində məsələylə bağlı məlumat veriləcək.
«Akkord»un Mingəçevir Maşınqayırma Zavodu metal konstruksiya və bütün növ metal məhsulların istehsalı və satışı ilə məşğuldur.
Son aylar «Akkord»un, demək olar ki, bütün müəssisələrində və baş ofisində maaşların aylarla gecikməsindən narazılıqlar var. Bununla bağlı AzadlıqRadiosunun «Qaynar xətt»inə tez-tez şikayətlər gəlir.
2000-ci illərin əvvəlində yaradılan «Akkord» şirkəti son üç-dörd ilədək ölkənin ən iri və genişmiqyaslı tikinti layihələrini gerçəkləşdirən şirkətlərdən idi. Lakin hələ maliyyə böhranı yaşanmadığı vaxtlarda da bu şirkətin tikinti və istehsal müəssisələrində maaşlarla bağlı fəhlə narazılıqları olub.
Oxunub: 442