Nəsimi Məmmədli
Vətənimizin dilbər guşələrindən və ən qədim yaşayış məskənlərindən biri olan Qubadlı rayonundan son dəfə 1990-cı ilin 17 yanvarında sazaqlı, şaxtalı bir gecədə çıxmışam. Əynimdə xüsusi geyim (tələbə inşaat formasını hərbi paltar kimi istifadə edirdik) və iki silah olduğu üçün gecə yük maşını ilə Fizuliyə, ordan isə bir tanışla Sabirabada gəldim. Bizimlə bərabər Qubadlıda xeyli cəsur sabirabadlılar da keşik çəkirdi. Onların komandiri çox sakit təbiətli, igid, tədbirli ağsaqqal olan Yaqub kişi idi. Öncədən razılaşdığımız kimi silahları Yaqub kişinin dediyi adama verib, gecə saat 4-də onların müəyyən etdiyi “moskviç”lə Bakiya çıxdım…
Fürsətdən istifadə edib, bu tarixə qısaca səyahət etmək istəyirəm. 1988-ci ilin Sumqayıt olaylarından sonra artan erməni düşmənçiliyi bütün sərhədyanı rayonlarımızda gərginlik yaratmışdı. O zamankı hökumət yerli əhalidən bütün növ odlu silahları zorla alıb sadə xalqı düşmənlə üz-üzə əliyalın buraxmışdı. Həmin vaxt erməni mətbuatı erməni “boyeviklərinin” sərhəd kəndlərimizdə amansız qisas əməliyyatları keçirəcəklərini yazırdı. Bir qrup cəbhəçi tələbələr bu təxribatların qarşısını almaq üçün könüllü özünümüdafiə dəstələri yaradaraq, təhsilimizi yarımçıq qoyub Laçın və Qubadlı rayonlarının müdafiəsinə dəstək üçün bu rayonlara gəldik. Ümumi işə rəhbərliyi o zaman AXC BDU şöbəsinin əlaqələndiricisi, hüquq fakultəsində “Lenin təqaüdü” (bunu ona görə xüsusi qeyd edirəm ki, əlinə silah götürən tələbələr universitetin sıradan tələbələri deyildi və uşaqlar arasında əksəriyyətinin çox yüksək nüfuzu var idi) ilə oxuyan fəal tələbə Əli Kərimli edirdi. Fürsətdən istifadə edib Qarabağın müdafiəsinə könüllü atılan keçmiş tələbə dostlarıma bir qarabağlı kimi minnətdarlıq edirəm.
Mən bir müddət Laçın rayonunun sərhəd kəndlərində müdafiədə olduqdan sonra Qubadlıda olan dostlarımıza dəstək üçün ora getməli oldum. Orada bizim silahlı dəstələrə kitabxanaçılıq fakultəsinin savadlı tələbələrindən biri, indi “Turan TV”-nin yaradıcısı kimi tanıdığınız, jurnalist Qənimət Zahid rəhbərlik edirdi. Onlarla birgə həm Tarovlu, Əyin və Saray kəndlərində postlarda keşik çəkir, müxtəlif üsullarla hərbi sursat toplayır, həm də təxribatların qarşısını almaq üçün bəzi mühüm işləri həyata keçirirdik. Bunu xüsusilə qeyd etməliyəm ki, təqribən 100 ədəd çuqun aftafaya xüsusi üsulla partlayıcılar doldurmuş, “fitilli qumbara”lar hazırlamışdıq. Hətta onu uzaq məsafəyə atmaq üçün relslərin üzərində ağır yaylar qaynaq edərək xüsusi qurğu da hazırlamışdıq. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, bu ideyanın əsas müəlliflərindən və onu hazırlayanlardan biri də mən idim.
Bu “mühəndislik işi”nin sınaqları uğurlu olsa da, onu tam başa çatdırmaq mümkün olmadı. Bakıda KQB-nin ermənilərə qarşı törətdiyi təxribatları bəhanə edib SSRİ Ali Soveti fövqəladə vəziyyət elan edildiyi üçün təcili paytaxta dönəsi olduq. Bu, Qubadlıdan son çıxışım oldu və hadisələr elə cərəyan etdi ki, bir daha ora getməyə imkanım olmadı. O zaman Qubadlıda AXC-nin yerli şöbəsinin rəhbəri kimi tanış olduğum igid vətən oğlu Əlyar Əliyevi də fürsətdən istifadə edib yad etmək istəyirəm. Sonrakı döyüşlərdə şəhidlik zirvəsinə yüksələrək Azərbaycanın Milli Qəhramanı adına layiq görülən Əlyar bəyə və vətən yolunda canını fəda edən bütün oğullara Allahdan rəhmət diləyir, müqəddəs ruhları qarşısında ehtiramla baş əyirəm. Qubadlı batalyonunun cəsur komandirlərindən olan Aydın Şükürə və digər qazi qardaşlarımıza da can sağlığı arzulayıram.
Bu gün Qubadlının Ermənistan-Rusiya silahlı qüvvələri tərəfindən işğal olunmasından 24 il keçir. 31 avqust 1993-cü ildə ulu əcdadlarımızdan bizə miras qalan doğma yurdlarımız yerlə-yeksan edildi, xarabalığa çevrildi və milli qürurumuz növbəti dəfə ayaqlar altına atıldı. Özünü kişi sayan hər kəsin üzərində qalan bu ləkəni 24 ildir təmizləməli olan dövlətimiz təəssüf ki, nə hərbi, nə də diplomatik yolla öz üzərinə düşən işi edir. İşğalçılar özlərini tam rahat hiss edərək dədə-baba yurdumuzda məskunlaşır, sərvətlərimizi talayır, ərazilərimizdə at oynadırlar. Biz isə məzlum-məzlum olanları seyr edir, vətən həsrətilə bir-bir bu dünyayla vidalaşırıq.
Vətən torpaqlarına təkrar qayıda bilmək üçün atılmalı olan addımları hamılıqla dərk etməsək, bu ləkəni təmizləyə bilməyəcəyik.
Oxunub: 236