Hüquq müdafiəçiləri İntiqam Əliyev, Rəsul Cəfərov, hüquqşünaslar Ənnağı Hacıbəyli, Əsabəli Mustafayev, jurnalistlər Xədicə İsmayıl, Rövşən Hacıbəyli, Şahvələd Çobanoğlu və başqalarının tərtib etdiyi 158 nəfərlik siyasi məhbus siyahısında 10 jurnalist və bloqçunun, 2 ədibin adı var.
Həmin şəxsləri təqdim edirik:
Nicat Əliyev, Azadxeber.net saytının baş redaktoru
21 may 2012-ci ildə tutulub. Dini təyinatlı ədəbiyyatın qanunsuz istehsalı və yayımı, narkotik alveri, hakimiyyətin zorla ələ keçirilməsinə çağırış ittihamları ilə təqsirli bilinib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Paytaxtdakı 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
Araz Quliyev, Xeber44.com internet qəzetin baş redaktoru
9 sentyabr 2012-ci ildə tutulub. Qanunsuz silah saxlama, hakimiyyət nümayəndəsinə müqavimət, ictimai qaydanın pozulması, milli, irqi, sosial, dini ayrı-seçkiliyə səbəb olan hərəkətlərdə təqsirli bilinib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum olunub. Qobustan həbsxanasında saxlanır.
Rəşad Ramazanov, bloqçu
9 may 2013-cü ildə tutulub. Narkotik vasitə satışında təqsirli bilinib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
Seymur Həzi, “Azadlıq” qəzetinin şərhçisi
29 avqust 2014-cü ildə tutulub. Digər şəxsə xəsarət yetirməkdə təqsirli bilinib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakıdakı 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
Tofiq Həsənli, şair
12 oktyabr 2015-ci ildə tutulub. Narkotik satışında təqsirli bilinib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakıdakı 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
Saday Şəkərli, şair
23 dekabr 2015-ci ildə tutulub. Hədə-qorxu ilə tələb etmə ittihamı ilə təqsirli bilinib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
Fikrət Fərəməzoğlu, Jam.az portalının baş redaktoru
30 iyun 2016-cı ildə tutulub. Hədə-qorxu ilə tələb etmə ittihamı ilə təqsirli bilinib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum olunub. Bakı İstintaq Təcridxanasında saxlanır.
Əfqan Sadıqov, Azel.tv saytının baş redaktoru
22 noyabr 2016-cı ildə tutulub. Sağlamlığa zərər vurmada təqsirli bilinib.
Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakıdakı 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
Mehman Hüseynov, fotoqraf, bloqçu
3 mart 2017-ci ildə tutulub. Polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinib.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
Əziz Orucov, “Kanal 13” internet televiziyasının direktoru
2 may 2017-ci ildə tutulub. Polisə müqavimət ittihamı ilə 30 sutka inzibati həbs cəzası alıb. Sonra jurnalistə qanunsuz sahibkarlıq, vəzifə saxtakarlığı ittihamları ilə cinayət işi başlanıb, Nəsimi Rayon Məhkəməsi onun haqqında həbs qərarı çıxarıb.
Bakı İstintaq Təcridxanasında saxlanır.
Əfqan Muxtarlı, müstəqil jurnalist
29 may 2017-ci ildə tutulub. Müdafiəçilərinin dediyinə görə, jurnalist mayın 29-da Tbilisidə saxlanaraq Bakıya gətirilib. Azərbaycanın rəsmi qurumları isə bəyan edir ki, Əfqan Muxtarlı Gürcüstandan Azərbaycana qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidməti əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
Dövlət sərhədini qanunsuz keçmədə, zor tətbiq etmədə, qaçaqmalçılıqda ittiham olunur. Bakı İstintaq Təcridxanasında saxlanır.
Mehman Əliyev, “Turan” informasiya agentliyinin direktoru
24 avqust 2017-ci ildə tutulub. Avqustun 25-də Yasamal Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
İstintaq iddia edir ki, Mehman Əliyev 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə qanunsuz gəlir əldə edib, 2010-2016-cı illərdə 60 min 80 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.
Bakı İstintaq Təcridxanasında saxlanır. (novator.az)
Oxunub: 408