Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.
Müşavirədə “Astaraçay” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Tələt Məmmədov, digər sahələrdən fərqli yanaşma tələb edən çayçılığın inkişafı ilə bağlı bir sıra məsələləri qeyd edib.
O bildirib ki, çay çoxillik bitkidir, hər torpaqda bitmir: “Əkiləndən 7 il sonra məhsuldarlığa çatır və ilk illərdə daha çox qulluq tələb edir. Torpağında çay əkən kəndli yeddi il sonra gəlir əldə edə bilər. Odur ki, əhaliyə pay torpağı kimi verilmiş yararlı torpaqların könüllü birləşdirilməsi və bu birliklərin stimullaşdırılması üçün onlara müvafiq subsidiyaların ayrılması, torpaq sahiblərinin öhdəliklərinin hüquqi əsaslarının tənzimlənməsi məqsədəuyğun olardı. Əminliklə deyə bilərəm ki, belə əhəmiyyətli addımların atılması qarşıda duran məsələlərin həllini tapmasında, bu sektorun iqtisadiyyatın gəlirli sahələrdən birinə çevrilməsində imkanlarımızı artıracaq”.
Bu tipli çıxışlar hansısa müəssisə rəhbərinin şəxsi təşəbbüsü deyil, müşavirəni təşkil edənlərin hazırladığı mətndir. Kənd təsərrüfatının ən müxtəlif sahələrini ələ keçirmək fikrinə düşmüş hakimiyyət fərdi təsərrüfatları böyük təsərrüfatlara qatıb çayçılığa yiyələnmək məqsədini açıq şəkildə ortaya qoydu.
Oxunub: 546