ATƏT PA prezidenti Muttonen Bakıdadır
ATƏT PA prezidenti Kristin Muttonen Azərbaycana gəlib. O, dünən prezident İlham Əliyev və bir sıra rəsmi şəxslərlə görüş keçirib. Bu görüşü maraqlı edən onunla bağlı yayılan fərqli xəbərlərdir. Belə ki, xanım Muttonenin səfəri və keçirdiyi görüşlərlə bağlı Parlament Assambleyasının katibliyindən “Azadlıq”ın elektron poçtuna press-reliz gəlib. Həmin mətndə birinci abzas sizə təqdim edirik:
“ATƏT Parlament Assambleyasının prezidenti Kristin Muttonen (Avstriya millət vəkili) dünən Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rasizadə və xarici işlər naziri ilə görüşlərdə bir sıra aktual məsələləri müzakirə edib. Münaqişələrin həlli, seçkilər, insan hüquqları və Azərbaycanın ATƏT PA-dakı aktiv iştirakı ikitərəfli müzakirələrin gündəliyinin başlıca mövzusu olub”.
İndi isə xanım Muttonenin prerzident İlham Əliyevlə görüşündən www.president.az saytında getmiş informasiyanın birinci abzasına baxaq:
“Prezident İlham Əliyev sentyabrın 8-də ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttoneni qəbul edib. ATƏT-in Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini deyən Kristin Muttonen qurumun Azərbaycandakı nümayəndəsinin bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğuladı, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin də çox fəal işlədiyini, mühüm təşəbbüslər və qətnamələr irəli sürdüyünü qeyd etdi. ATƏT Parlament Assambleyasının sədri vəzifəsində Azərbaycana ilk dəfədir ki, səfər etdiyini deyən qonaq Prezident İlham Əliyevin təhsil müəssisələrinə göstərdiyi diqqətə toxunaraq məktəb və təhsillə bağlı məsələlərin ölkə üçün ən vacib məsələlər sırasında olduğunu qeyd etdi, ölkəmizdə bu istiqamətdə çox işlərin görülməsinin, o cümlədən yeni məktəblərin tikilməsinin önəmini vurğuladı”.
Poçtumuza göndərilən mətndə sonrakı abzaslardan biri belədir:
“Sabahdan (bu gündən – red.) etibarən Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşəyini deyən Muttonen, mədəniyyətlərarası və dinlərarası dialoqu münaqişələrin həlli üçün əlavə etibarlılıq tədbirləri kimi qiymətləndirdi. “Azərbaycanda və Ermənistanda vətəndaş cəmiyyəti arasında əlaqələrin artırılması gərginliyi azaltmaq və əməkdaşlığı inkişaf etdirmək üçün güclü bir yol ola bilər”.
Prezidentin saytında gedən informasiyadasa, deyəsən, bir neçə abzası birləşdirərək və “vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş” sözlərini ixtisara salaraq belə bir cümlə qurublar:
“Azərbaycanda son vaxtlarda irəli sürülən təşəbbüslər və həyata keçirilən layihələr barədə danışan Prezident İlham Əliyev bunun, eyni zamanda, beynəlxalq əməkdaşlığa da töhfə verdiyini qeyd etdi. Dövlətimizin başçısı ölkəmizin artıq multikulturalizm və mədəniyyətlərarası dialoq sahəsində bir mərkəzə çevrildiyini vurğulayaraq Azərbaycanda vaxtaşırı olaraq müxtəlif beynəlxalq təşkilatların iştirakı ilə böyük tədbirlərin keçirildiyini bildirdi”.
Parlament Assambleyasının katibliyindən göndərilən məktubda belə bir abzas da var:
“Bugünkü (dünənki – red.)görüşlərdə prezident Muttonen həmçinin ATƏT-in seçkiləri effektli müşahidəsinin vacibliyini müzakirə edib, eyni zamanda bu müşahidəçılıyin son illər baş tutmadığını təəssüflə vurğulayıb. O qeyd edib ki, ATƏT PA mümkün olarsa, gələcək seçkiləri monitorinq etməyə, demokratik islahatlara dəstək verməyə hazırdır. Xanım prezident ATƏT-in Azərbaycanda daimi nümayəndəliyinin olmamasından təəssüfləndiyini bildirib, eyni zamanda vurğulayıb ki, təşkilat ölkəmizlə sıx əməkdaşlıqda maraqlıdır”.
Prezidentin saytında gedən informasiyada buna uyğun abzas olmasa da, mətnin sonunda bu görüşə, onun mövzusuna uyğul olmayan belə bir abzas var: “Dövlətimizin başçısı təhsil məsələlərindən danışaraq bunun uşaqlar və gənclərin inkişafı üçün mühüm amil olduğunu dedi. Hər yeni dərs ili ərəfəsində Bakı şəhərində yeni tikilmiş və ya əsaslı təmir edilmiş məktəblərlə yaxından tanış olduğunu deyən Prezident İlham Əliyev Azərbaycanda təhsilin keyfiyyətinin də getdikcə artdığını, bu sahənin ölkəmizin prioritetləri sırasında yer aldığını vurğuladı, müstəqillik illəri ərzində respublikamızda əhalinin savadlılığını 100 faizə yaxın səviyyədə saxlamağa nail olduğumuzu məmnunluqla qeyd etdi”.
Ancaq maraqlıdır ki, Parlament Assambleyasından gələn mətndə təhsil, təhsilə prezident qayğısı barədə bir kəlmə də yoxdur. Görünür, ya ATƏT PA həmişəki kimi “ermənipərəst” mövqe tutur, ya da tərcümə problemi olub.
Oxunub: 1168