Cümə günü Türkiyənin baş naziri Binali Yıldırım İraq kürdlərinin müstəqillik refendumu keçirmək planının “böyük səhv” olduğuna dair xəbərdarlıq edib. İraqın Kürdistan regionunun prezidenti Məsud Barzani sentyabrın 25-də yarı-muxtar ərazidə referendumun keçirilməsinə çağırıb.
İraqın Kürdistan regionu ilə sərhəd bölüşən Türkiyənin Barzani ilə yaxın əlaqələri var, amma Ankara səsvermənin təxirə salınması üçün təzyiqlərini artırır.
“Referenduma 10 gün qalıb. Ona görə də mən Məsud Barzaniyə bir daha dostcasına cağırış edirəm: Vaxt var ikən səhvi düzəlt”, deyə cümə günü Yıldırım tərəfdarlarına bildirib.
Bu xəbərdarlıqdan sonra Ankara ilk birbaşa hədəsini irəli sürüb: “Biz sanksiya tətbiq etmək istəmirik, amma əgər o nöqtəyə çatsaq, Türkiyə daha öncə planlaşdırdığı addımları atacaq”, deyə Yıldırım əlavə edib.
Xəbərdarlıq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun kürdlərə “səsverməyə görə bədəl ödəyəcəklərini” bildirməsindən bir neçə gün sonraya təsadüf edir.
Rəsmi Ankara narahatdır ki, müstəqil Kürd dövləti, Türkiyədə yaşayan kürd azlığı da müstəqillik tələb edər. Bu narahatlıq Türkiyə sərhədindəki Suriya kürdlərinin də müstəqillik ambisiyalara sahib olduğuna dair şübhələr səbəbilə daha da artır.
Birləşmiş Ştatlar müstəqillik referendumunun qəti əleyhinə olduğunu bildirib. Cümə günü Ağ Ev Birləşmiş Ştatların kürdlərin referendum keçirmək planını “dəstəkləmədiyini” bildirərək, bu planın “İŞİD-i məğlub etmək və azad olunmuş ərazilərdə sabitlik yaratmaq səylərinə mane olduğunu” deyib.
Tramp adminsitrasiyası kürdləri refendumu təxirə salmağa və bunun əvəzinə “Bağdadla ciddi və davamlı dialoq aparmağa” çağırır.
Bundan əlavə İraq da referendumun əleyhinə çıxıb, lakin İraq kürdləri üzərində ən böyük gücə Türkiyə sahibdir. Türkiyənin İraqla sərhədindəki Habur sərhəd qapısı İraq Kürdistanının dünya ilə bağlayan əsas ticarət yoludur. Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına gedən neft boru kəməri isə onların əsas maliyyə mənbəyidir.
Sanksiyaların hər iki tərəf üçün mənfi təsirləri ola bilər.
“Habur təkcə İraq Kürdistanına qapı deyil. Habur həm də İraqa, indiki şərtlər altında isə bütün Yaxın Şərqə qapıdır, çünki Suriya ilə bütün sərhədlər bağlıdır. Kərkük nefti daxil olmaqla, İraq Kürdistanının nefti qlobal bazara Ceyhan vasitəsilə çıxarılır. Bu isə Ankara üçün qələbə
deməkdir”, deyə Türkiyənin sabiq yüksək səviyyəli diplomatı Aydın Selcen bildirir. O, Türkiyənin Ərbildə ilk konsulluğunu təsis edən şəxsdir.
Ankaranın nəzərə almalı olduğu təkcə maddi faktorlar deyil.
“Ankara referendumun əleyhinədir, lakin eyni zamanda onların regiondakı ən yaxın müttəfiqi də Barzanidir. Fikrimcə, onlar referenduma müqavimətini o qədər də yüksək səsləndirmirlər”, deyə politoloq Cengiz Aktar bildirir. Barzani son on ildə Ankara ilə təkcə ticarət deyil, həm də təhlükəsizlik əməkdaşlığı üzərində yaxın münasibət qurub.
Barzani Türkiyəyə kürd üsyançı qrup PKK ilə mübarizədə dəstək verib.
Türkiyənin seçki siyasəti Ankaranın manevr etmək imkanını məhdudlaşdıra bilər.
İraq kürdlərinin müstəqillik referendumu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2019-cü ildə seçki kampaniyasını çətinləşdirə bilər. “Ərdoğan AK partiyaya səs verən ənənəvi kürdlər ilə Türkiyə millətçiləri arasında balanss yaratmağa çalışır”, Selcen bildirir.
Adətən Kürdlər Ərdoğanı dəstəkləyənlərin 10 faizini təşkil edir. Bu səsləri isə çox yaxın rəqabət içində keçəcəyi gözlənilən prezident seçkisində böyük rol oynaya bilər.
Oxunub: 368