Gözəl Bayramlının işi üzrə dindirilən jurnalistə Gürcüstanda yaşayan siyasi mühacir Daşqın Ağalarlı və “Lancet” klinikasının həbsdə olan təsisçisi Fərman Ceyranlı haqqında da suallar verilib
Araşdırmaçı jurnalist Əfqan Muxtarlı AXCP sədrinin müavini Gözəl Bayramlıya qarşı açılan cinayət işi üzrə şahid qismində ifadə verib. Bu haqda Ə.Muxtarlının 1 saylı Bakı İstintaq Təcridxanasından “Basta”ya göndərdiyi məktubda deyilir.
Müstəntiq əsasən Gözəl Bayramlı ilə Əfqan Muxtarlının münasibəti, Gözəl Bayramlının Gürcüstanda görüşləri haqqında suallar verib.
“Suallara cavab olaraq bildirmişəm ki, Gözəl xanım şərlənərək həbs olunub. Onun çantasına pul hakimiyyət nümayəndələri tərəfindən yerləşdirilib. Gözəl Bayramlının Gürcüstanda hər hansı tədbirdə iştirakndan xəbərsiz olduğumu bildirmişəm”,- deyə Muxtarlı bildirib.
Prokurorluq jurnalistə siyasi mühacir, Müsavat Partiyasının üzvü Daşqın Ağalarlı və professor Fərman Ceyranlı haqqında da suallar verib.
“Sualların məğzindən bir daha aydın olur ki, Daşqın Ağalarlı, Gürcüstanda yaşayan Azərbaycanlı fəallar və jurnalistlər Azərbaycan hakimiyyətinin nəzarəti altındadır. Azərbaycan tərəf qondarma ittihamlarla azərbaycanlı fəalları və jurnalistləri nəyin bahasına olursa-olsun həbs edərək, yaxud oğurlyaraq Azərbaycana gətirməkdə israrlıdır”, – deyə Ə.Muxtarlı vurğulayıb.
Ə.Muxtarlı məktubunda onu da qeyd edib ki, Azərbaycan prokurorluğunun Fərman Ceyranlı ilə bağlı verdiyi suallar onu deməyə əsas verir ki, professor Azərbaycan hakimiyyətinin sifarişi ilə həbs olunub:
“Fərman Ceyranlı siyasi məhbusdur. Beynəlxalq təşkilatlar- Avropa Birliyi və Avropa şurasından xahiş edirəm ki, Gürcüstanda yaşayan azərbaycanlı fəal və jurnalistlərin təhlüksizlik məsələsini gündəlikdə saxlasın. Eyni zamanda Fərman Ceyranlının qısa müddət ərzində qeyd-şərtsiz azadlığa buraxılması üçün Gürcüstan hakimiyyətinə təzyiqləri artırsınlar”, – deyə Ə.Muxtarlı beynəlxalq qurumlara müraciət edib.
Oxunub: 476