Nəsimi Məmmədli
İndi ölkəmizdə elə bir durum hökm sürür, insanlar nə fərdi nə də təşkilat halında geniş özünüifadə azadlığına sahibdir. İctimai-siyasi fəaliyyətin müstəvisi hökumət tərəfindən xeyli daraldılıb və çox məhdud fürsətlər qalıb. Bunlardan açıq görünənlərdən biri internet resursları, digəri isə mitinqlərdir.
İnternet bu təlabatı necə qarşılayır? Bu sual ətrafında müsbət və mənfi tərəfdən çox geniş yazmaq olar. Ancaq indi məqsədim bu deyil.
İctimai-siyasi xadimlər internet resurslarından maksimum yararlanıb cəmiyyətlə virtual təmas qurmağa çalışsa da, bu, hələlik yetərli siyasi nəticə doğurmur. Həm də əhalinin sürətli internetdən istifadə imkanları da çox aşağıdır. Təəssüf ki cəmiyyətin aparıcı təbəqəsi sayılan orta və yaşlı nəsilin əksəriyyəti hələ də bu texniki imkandan normal istifadə edə bilmir.
Bəs mitinqlər necə, effektli siyasi nəticə doğururmu? İndi məqsədim heç bu barədə də geniş təhlil təqdim etməkdən ibarət deyil. Bu barədə kifayət qədər nəzəri və praktik baxımdan mövqeyimi əsaslandıra bilərəm. Lakin hələlik onu da müzakirəyə təqdim etməyin zamanı olduğunu düşünmürəm.
İctimai-siyasi məqsədə çatmaqda mitinqin əlverişli vasitələrdən biri olduğunu kimsə inkar edə bilməz. Ən azı insanlarla kütləvi canlı təmas və ortaq sosial-psixoloji mühitin yaranmasına yardımçı olur. Kollektiv iradənin ifadə olunmasına az da olsa müsbət imkan yaradır. Etirazların ünvanına çatdırılmasında təsirli vasitələrdən biridir.
Təəssüf ki hökumət konstitusiyanın tələblərini pozaraq sərbəst toplaşmaq azadlığına da ciddi məhdudiyyət gətirib. Mitinqlər vasitəsilə canlı təmas üçün məhdud və qapalı dairə cızılıb. Bütün mənfiliklərə baxmayaraq hələlik əldə olan yeganə açıq fürsətlərdən biri budur və onu nəhəng imkana çevirəcəyini düşənən müxalifətin olması da çox müsbət qarşılanmalıdır.
Mitinqlərin yeri və zamanını hökumətlə razılaşdırdığı üçün müxalifəti qınayanları anlamağa çətinlik çəkirəm. Axı təhlükəsizlik baxımından qanunvericiliyin bu tələbinə əməl edilməsi hər bir tərəf, xüsusilə də müxalifət üçün ən doğru yanaşmadır. Müxalifət dinc və qanuni aksiyalardan kənar davranışlara qətiyyən meyl etməməlidir. Bunun da səbəblərindən geniş bəhs etməyəcəm. Əgər kiminsə belə istəyi və resursu varsa, onlar müxalifəti qınamaq əvəzinə doğru bildiklərini etsinlər.
Hökumət rəsmiləri dəfələrlə açıq ifadə ediblər ki başqa açıq yerlərdə mitinqin təhlükəsizliyinə zəmanət verə bilmirlər. Özləri də etiraf edir ki ölkə polisinin bu sahədə peşəkarlığı çox aşağıdır və kütləvi tədbirlərin təhlükəsizliyini açıq yerlərdə təmin etmək çətinliyi var. Burada bəhanə elementləri olsa da, həqiqət payı da var. Mitinq iştirakçıları stadiona daxil olanda oradakı asayiş keşikçilərinin insanlarla rəftarını xatırlasanız yəqin ki dediyimə şübhə etməzsiniz.
İndiyə kimi müxalifətin bütün dinc, açıq və kütləvi tədbirlərində iştirak etmişəm və imkanım daxilində bundan sonra da iştirak etməyi düşünürəm. Milli Şuranın təşkilatçılığı ilə 23 sentyabr saat 15-də “Məhsul” stadionunda keçirilməsi planlaşdırilan mitinqi də dəstəkləyir və iştirak etməyi nəzərdə tutmuşam. Etirazların kütləvi və heç olmasa 2 ay müddətində hər həftə silsilə xarakterli olması siyasi proseslərə ciddi impuls verə bilər. Digər siyasi təşkilatların da fəallaşmasına sitimul yaradar. Hələlik hansısa böyük nəticəyə köklənməyə də dəyməz. Əgər bu durumda hətta ən kiçik bir qrup etiraza qalxacaqsa, bunu da alqışlamaq lazımdır.
Mitinqin əleyhinə aparılan təbliğatdan nə müxalif qurumlar, nə də sadə insanlar qazanacaq. Kimin gücü nəyə çatırsa imkanı daxilində onu təqdim etməlidir. Kütləvi mitinqlərin baş tutması hər kəs üçün yeni fürsət ola bilər.
Oxunub: 802