Bu gün, sentyabrın 21-i də Bakı Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərin valideynlərinin aksiyalarını davam etdirdikləri bildirilir.
Həmin kompleksdə 200 və 43 saylı məktəblər fəaliyyət göstərir.
Valideynlərin məktəbin qarşısında toplaşdıqları deyilir. Onlar bildirirlər ki, kompleksin direktoru Qafar Hüseynov işdən azad olunub. Ancaq onun səhhəti ilə bağlı bülletendə olması barədə yanlış məlumatlar verilir.
Valideynlər direktorun qaytarılmasını tələb edirlər. Onlar bildirirlər ki, əks halda uşaqlarını məktəbə buraxmayacaqlar.
Valideynlər APA agentliyinə isə bildiriblər ki, kompleksin direktor müavini Kəmalə Bədəlovanı bu gün, sentyabrın 21-i əraziyə gələn polis əməkdaşları saxlayıb. Deyilənə görə, direktor müavini aksiyanın təşkilatçısı kimi təqdim olunur.
200 saylı orta məktəbdə dərslər dayanıb
Valideynlər təhsil nazirinin işdən çıxardığı məktəb direktorunun vəzifəsinə qaytarılmasını tələb edirlər.
“Bakıda yeganə məktəb direktorudur ki, rüşvət almır, fondpulu, gülpulu yığmır. Bu məktəbin direktoru neçə illərdir rüşvətsiz işləyir və məktəbdə sağlam mühiti qoruyur. Təhsil Nazirliyinə də belə direktor sərf eləmir. Məqsəd də məktəbə eləsini direktor təyin etməkdir ki, qanımızı sovursun”.
Bunu AzadlıqRadiosu-na övladları 200 saylı orta məktəbdə təhsil alan valideynlərdən biri Dilarə Səlimova deyir.
VALİDEYN VƏ MÜƏLLİMLƏR ETİRAZ EDİRLƏR
Sentyabrın 20-də Nərimanov rayonu ərazisindəki Məktəb Lisey Kompleksinə daxil olan 200 saylı orta məktəbə Nərimanov rayon təhsil şöbəsinin nümayəndəsi gəlib və direktor Qafar Hüseynovun vəzifədən azad olunması barədə əmri oxumaq istəyib. Lakin valideynlər buna imkan verməyiblər.
Səhər saatlarından məktəbin dəhliz və sinif otaqlarında toplaşan etirazçı valideynlərə müəllimlər də qoşulub.
Valideyn Şükufə Ələsgərova deyir, Qafar Hüseynov 6-7-8-ci siniflərin rus dili dərsliklərinin müəllifidir, professordur. İndiyədək valideynlər və müəllimlər ondan narazılıq etməyib:
“BİRCƏ DƏFƏ EŞİTMƏDİM Kİ…”
“Mənim bu məktəbdə iki övladım təhsil alır. İndiyədək bircə dəfə də uşaqlardan eşitmədim ki, məktəbdə bircə manat pul yığılır. Kiməsə sifarişli ərizə yazdırıb direktorun ‘torbasını tikiblər’”.
Valideynlərdən biri Təhsil Nazirliyinə yazıb ki, direktor rüşvət yığır. Onların deməsinə görə, səhər saatlarında məktəbə gəlib direktorun işdən çıxarılma əmrini elan etmək istəyən təhsil şöbəsinin işçisi də bunu təsdiqləyib. Dilarə xanım:
“Dedi, nazir direktoru rüşvətə görə işdən çıxarıb. Halbuki, valideynlər başlarıyla and içərlər ki, bu kişi rüşvətxor deyildi. Nədənsə, Təhsil Nazirliyi başqa məktəblərdən gələn rüşvət şikayətlərini qulaqardına vurur, ancaq bizim məktəbin direktoruyla bağlı hansısa valideynə saxta ərizə yazdırıb dürüst bir insanı işdən kənarlaşdırırlar. Bu məktəb öndə gedən, nümunəvi məktəbdir və görünür, kiminsə bu vəzifədə gözü var”.
DİREKTOR BÜLLETENƏ ÇIXIB
200 saylı orta məktəbdən AzadlıqRadiosu-na bildirilib ki, Qafar Hüseynov ayaqlarındakı ağrılardan müalicə olunmaq üçün bülletenə çıxıb. İşdən çıxarılma əmri də bülletendə olduğu bir vaxtda imzalanıb.
Hüquqşünas Vaqif Alıyev deyir, bülletendə olan işçinin barəsində işdən çıxarılma barədə əmrin imzalanması qanunisuzdur və işdən çıxarılan iddia qaldırarsa, məhkəmə bu əmri ləğv etməlidir.
Nərimanov rayon təhsil şöbəsindən AzadlıqRadiosu-na sualları Təhsil Nazirliyinə ünvanlamağıbildiriblər. Nazirlikdənsə, hələlik, məsələyə münasibət bildirən olmayıb.
APA-nın məlumatına görə, Bakı şəhəri üzrə Təhsil İdarəsindən agentliyin sorğusuna cavab verib. Bildirim ki, məktəbin direktoru Qafar Hüseynovun işdən çıxarılması barədə xəbərlər yanlışdır və direktor hazırda fəaliyyətdədir:
“Sadəcə, Qafar Hüseynov səhhəti ilə bağlı bülletendədir”.
Oxunub: 440