Avtoritarizmə könül verənlər, demokratiyadan mümkün qədər uzaq qaçmaq niyyətindədir
Azərbaycan hakimiyyəti “demokratiya”, “azadlıq” sözlərini eşidəndə qutuda ilan görür. Məhz bunun nəticəsidir ki, bugün ölkədə sosial-iqtisadi vəziyyət böhranlıdır, dövlətin nüfuzu getdikcə zəifləyir və bütün proqnozlar tənəzzül işarəsi göstərir.
Amma hökumət də başa düşür ki, demokratik dünyaya dirsək göstərmək daha ağır nəticələr yarada bilər və buna görə də zaman-zaman Avropa Birliyi ilə əməkdaşlıqdan, ABŞ-la isti münasibətlərdən dəm vururlar . Demokratiyaya keçidi təmin edəcək müəyyən sazişlər imzalamağa da razılıq veriblər. Bri müddət əvvəl ölkə başçısı da bildirdi ki, Avropa Birliyi ilə saziş imzalanacaq və Azərbaycan tərəfi bu prosesdə maraqlıdır.
Amma xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin son açıqlaması hökumətin tərəddüd içində olduğunu ortaya qoydu. Daah doğrusu, hökumət demokratik dünyaya əl uzatmamaq üçün yeni manevr imkanları axtarır “Hazırda Avropa Birliyi (AB) ilə yeni saziş üzrə sənədin hansı mərhələdə olduğunu demək çox çətindir. Biz tələsmirik. Hər iki tərəfin mövqeyi var. Onları uzlaşdırmaq lazımdır. Bu bir hüquqi sənəddir. Gec olsun, amma keyfiyyətli olsun. Sənəd çərçivəsində siyasi məsələlər də müzakirə olunur. Sənəddə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı öz əksini tapıb. Bu ilin sonuna kimi bu saziş imzalana bilməyəcək. Bu yalnız o halda baş verə bilər ki, biz onların dediyi hər şeyi qəbul edək. Amma bu düzgün olmaz»- deyəMahmud Məmədquliyev bildirib
Göründüyü kimi hökumət ənənəsinə sadiqlik nümayiş etdirir və siyasi öhdəliklərdən kənar qalmaq üçün vaxtı uzadır. Həmişəki kimi bütün əməkdaşlığı iqtisadi məsələlər üzərində qurmağa çalışırlar. Təbii ki, avtoritarizmə könül vermiş hökumət, demokratiyadan qaçmaq üçün sona qədər israr edəcək. Hökumət başa düşür ki, bu kimi sazişlərin imzalanması siyasi məhbus məsələsindən tutmuş, şəffaf seçkiyə qədər bütün sahələrdə müsbət addımların atılmasını zəruri edəcək.
Amma artıq hökumətin bütün arqumentlərinin üstündən qırmızı xətt çəkilib. “Dövlət maraqları”, “milli maraqlar”, “Azərbaycanın ərazibütövlüyü” kimi əsaslandırmalar keçərli deyil. Çünki, Avropa Birliyi ilə imzalanacaq sazişin şərtlərində Azərbaycanın milli maraqlarına, ərazibütövlüyünə heç bir təhdid yoxdur. Sadəcə olaraq, hökumət şəxsi maraqlardan çıxış edir və bugünə qədər aparılan anti-milli siyasəti davam etdirmək istəyir.
Bütün bunlar bir daha təsdiqləyir ki, normal idarəçilikdən söhbət gedə bilməz. Cığal uşaq kimi bir-birini təkzib edən, ziddiyyətli mövqelər sərgiləyirlər.
Xatırladaq ki, 2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir. Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Yaxın günlərdə Azərbaycanla Avropa Birliyi arasında danışıqların növbəti mərhələsi keçirilməlidir.
Yalnız talançılıq, saxtakarlıq üzrə ixtisaslaşmış bir hökumət üçün isə belə bir sınaq qarşısında olmaq təhlükəli görünür.
Samir
Oxunub: 554