Məndən “bandotdel”də müstəntiq müəyyən sənədləri imzalamağı tələb edəndə qol çəkmək istəmədim. Dedim ki, mənə vəkil verin. Dedilər ki, “nə vəkil, qol çək, yoxsa yoldaşının adına silah yazacağıq”. Çünki axtarışla bağlı sənədlərə yoldaşıma imza atdırmışdılar. Məcbur olub o ifadəyə qol çəkdim…”, – Nardaran hadisələrindən sonra həbs olunan Seyfəddin Şirvanov öz məhkəməsində belə deyib.
O, on aydır ki, Müsəlman Birliyi Hərəkatının sədr müavini, ilahiyyatçı Elçin Qasımovvə daha 11 nəfərlə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Onlara terrorçuluq, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama da daxil, 10-dan çox ağır maddə ilə ittiham verilib.
Oktyabrın 13-də məhkəmədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elman Quliyev deyib ki, Seyfəddin Şirvanovu o saxlayıb: “Ona zəng elədim, gəldi, evinə baxışa getdik. Evdən qumbara və “Taleh Bağırzadənin müraciəti” adlı kitabça tapıldı”.
Şirvanov isə evində belə əşyalar olmadığını, onları polislərin özlərinin qoyub, özlərinin də götürdüklərini deyib. Onun sözlərinə görə, zəng eləyəndə radara düşdüyünə görə polis bölməsinə çağırıldığını deyiblər. O da öz növbəsində ümumiyyətlə, avtomobil idarə edə bilmədiyini desə də, bölməyə gedib: “13-cü bölmənin rəisi məndən soruşdu ki, Taleh Bağırzadəni hardan tanıyıram. Dedim ki, dostumdur. Bundan sonra təhqirlər başladı. Axşam saat 6-da məni “bandotdel”ə apardılar. Orada evimdən guya, qumbara, kitabça çıxması haqda sənədlərə qol çəkməyi tələb elədilər. Qol çəkmək istəməyəndə hədələdilər”.
Məhkəməyə şahid kimi ifadə verməyə gələnlər arasında Bəhruz Almədətov da olub. O zala çağırılanda məlum olub ki, bu adamı polislər məhkəməyə yanlışlıqla göndərib. Məhkəmə Bəhruz Səmədov adlı şahidi çağırıb, amma polislər onun əvəzinə bunu göndərib.
İstintaq zamanı ifadə vermiş, amma məhkəmədə dindirilməmiş bir neçə şahidin də ifadələri elan olunub. Həmin ifadələrdə Taleh Bağırovun əleyhinə fikirlər yer alıb.
Vəkillər həmin şahidlərin məhkəmədə dindirilməsini istəyiblər.
Məhkəmə oktyabrın 27-də davam edəcək (azadliq.org).
Məhkəmədə AXCP sədri Əli Kərimli də iştirak edib və o, prosesdən sonra ictimaiyyət üçün açıqlama verib.
Oxunub: 186