Daimi yaşamaq məqsədi ilə ölkəmizi tərk edənlərin sayı son iki ildə 75% artıb. Bu barədə ölkənin tanınmış iqtisadçılarından biri, AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyev məlumat paylaşıb. N.Əliyev statistik məlumatlara əsaslanaraq, feysbuk səhifəsində yazıb:
“Hazırkı sosial-iqtisadi siyasət ölkəni uçuruma aparır. Yanlış siyasət çoxtərəfli fəsadlar verir. Əhalinin demoqrafik strukturu hədəfə gətirilib. Bir yandan yeni doğulan körpələrin sayı azalırsa, o biri yandan bu dünya ilə vidalaşanların sayı artmaqdadır. Bir tərəfdən yeni bağlanan nigahların sayı durmadan azalırsa, o biri tərəfdən davam gətirməyib dağılan ailələrin sayı durmadan çoxalmaqdadır. Odur ki, əhalinin təbii artım göstəricisi bu ilin yanvar-avqust dövründə ötən illə müqayisədə 18% pisləşib. Durdurulmazsa, təxirəsalınmaz tədbirlər həyata keçirilməzsə, bu dağıdıcı prosesin hələ bir müddət davamlı olacağı şübhə doğurmur.
DSK-nın yaydığı məlumatlardan məlum olub ki, cari ilin ilk səkkiz ayında (ötən illə müqayisədə) doğulanların sayı 10,4% azalıb, ölənlərin sayı 3,2% artıb. Bağlanan nigahların sayında 4,6% azalma, dağılan ailələrin sayında isə 14% artım qeydə alınıb. Daxili İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə istinadən yayılan məlumatlardan o da aydın olub ki, daimi yaşamaq məqsədi ilə ölkəmizi tərk edənlərin sayı son iki ildə 75% artıb. Elə bu səbəbdən də miqrasiya saldosu 22% aşağı düşüb”.
Oxunub: 266