Oktyabrın 14-də Bakıda ictimai marağa səbəb olacaq kriminal hadisə baş verib. Belə ki, vaxtilə Heydər Əliyevin mühafizəçilərindən biri olan, sonradan Nəsimi Rayon Polis İdarəsi 23-cü polis bölməsinin rəisi vəzifəsinə yüksəldilən və özündən razı hərəkətləri ilə məşhurlaşan, lakin daha sonra bir neçə ağır maddə ilə ittiham olunaraq 11 il müddətinə həbs edilən (2011-ci ildə əfv edilib) Müşfiq Mədətov bıçaqlanıb. Bunun ardınca isə Səbail Rayon Polis İdarəsi 9-cu polis bölməsinin rəisi Elsəvər Qədirovla onun əməliyyat üzrə müavini Orxan Axundzadəyə silahlı hücum olub və O.Axundzadə Vinçesterdə açılan atəşlə yaralanıb.
Bu hadisələrlə bağlı rəsmi və yarım rəsmi məlumatlar bundan ibarətdir ki, Müşfiq Mədətova Səbail rayonu ərazisində, İçərişəhər metrostansiyası yaxınlığındakı çay evlərindən birində hücum olub. Ona 5 nəfər hücum edib və bədəninin bir neçə yerindən, xüsusən də üz və qulaq nayihələrindən bıçaq zərbəsi endirib. 9-cu polis bölməsinin rəis və rəis müavini də bu cinayət hadisəsilə bağlı əməliyyat zamanı silahlı müqaviməyə məruz qalıb. Onlar şübhəli şəxslərin olduğu “Toyota Prado” markalı avtomobili izləyib. Qara Qarayev prospekti, “Ruslan 93” idman kompleksinin qarşısında Orxan Axundzadə “Toyota”ya yaxınlaşıb. Avtomobildə olan şübhəli 3 şəxsdən biri “Vinçestr” markalı odlu silahdan polislərə atəş açıb. O.Axundzadə ayaöğından yaralanıb və xəstəxanaya yerləşdirilib.
Hadisəni törədənlərin saxlanıldığı haqda da məlumat yayılıb. Məlumatlara görə, M.Mədətova hücum edən və sonra da polisləri atəşə tutanlardan biri “Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşı Emil Həsənovdur.
Oxunub: 1564