Bakının Nərimanov rayonunda 26 yaşlı oğlan faciəvi şəkildə dünyasını dəyişib. Fövqəladə Hallar Nazirliyinin saytının məlumatına görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O.Əhmədovun meyitini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.
Dəhşətli hadisə Heydər Əliyev prospekti 121 ünvanında yerləşən SOCAR-ın baş ofisində baş verib. Yuxarı mərtəbələrdən birində təmir işi ilə məşğul olan usta ehtiyatsızlıqdan liftin şaxtasına yıxılıb və hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Şirkətdən verilən məlumata görə, bu gün səhər saatlarında Bakının Nərimanov rayonunda inzibati binada liftin şaxtasında təmir işləri aparan şirkətin əməkdaşı Orxan Əhmədov bədbəxt hadisə nəticəsində vəfat edib.
“Verti” MMC-dən bildiriblər ki, o binanın 2-ci mərtəbəsində sabit dayanan liftin üzərində işləyərkən naməlum səbəbdən, binanın 1 və -1 mərtəbələri arasındakı meydançaya yıxılıb və hadisə yerində vəfat edib.
Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun əməkdaşları ilə birlikdə meyitə baxış keçirildikdən sonra Fövqəladə Hallar Nazirliyinin operativ qrupu tərəfindən şaxtadan çıxarılıb və tibbi ekspertizaya təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Oxunub: 374