Azərbaycan hakimiyyətinin Avropa Birliyi ilə inteqrasiyadan qaçmaq siyasətini Milli Şura sərt tənqid edən bəyanat qəbul edib:
24 noyabr tarixində, Brüsseldə Avropa Bilrliyi ilə Şərq Tərəfdaşlığı ölkələrinin növbəti sammiti keçirilmişdir. Sammit çərçivəsində hava məkanını Rusiya ilə birgə qoruyan, Kollektiv Təhlükəsizlik Müqaviləsinin və Avrasiya İttifaqının üzvü, Rusiyanın ən yaxın strateji müttəfiqi olan Ermənistan Avropa Birliyi ilə münasibətlərini dərinləşdirmək istiqamətində ciddi addım atmış, Avropa Birliyi ilə dərin inteqrasiyaya yol açan strateji mahiyyətli əməkdaşlıq sazişi imzalamışdır. Gözləntilərə rəğmən, təəssüf ki, Azərbaycan hakimiyyəti növbəti dəfə Avropa Birliyi ilə vaxtilə Assosiasiya Sazişi qarşılığında özünün təklif etdiyi Strateji Tərəfdaşlıq sənədini imzalamamışdır. Bununla da, Azərbaycanın Avropa siyasi-iqtisadi məkanına dərin inteqrsiyasına yol aça bilən önəmli bir fürsət nöbvəti dəfə qaçırılmışdır. Avropa Birliyi ilə Şərq tərəfdaşlığı ölkələrinin məhz bu sammitində Azərbaycanın belə bir şansı əldən buraxması xüsusilə ona görə məyusedicidir ki, sammit çərçivəsində imzaladığı əməkdaşlıq sazişi ilə Azərbaycan torpaqlarını işğal edən Ermənistan Avropa Birliyinin daha yaxın tərəfdaşı olmaqla, Qarabağ münaqişəsinin həllində öz maraqlarını diktə etmək, öz mövqelərini möhkəmləndirmək üçün daha üstün imkanlar qazanmışdır. Dünyanın korrupsiya və repressiya çempionuna çevrilməklə, siyasi məhbusların sayına görə ən repressiv rejimləri belə qabaqlamaqla, beynəlxalq təşkilatlar qarşısında könüllü şəkildə üzərinə götürdüyü öhdəlikləri icra etməməklə və insan hüquqları, qanunun aliliyi kimi üstün Avropa dəyərlərinə sayğısız yanaşmaqla Azərbaycan hakimiyyəti Avropa Birliyinin də ona bərabərhüquqlu tərəfdaş kimi yanaşmasında ciddi tərəddüdlərin yaranmasına səbəb olmuşdur. Yürütdüyü yarıtmaz siyasət, səriştəsiz və korrupsioner idarəçilk nəticəsində neft, qaz və digər təbii sərvətlərlə zəngin ölkəmizi demək olar ki, bütün sosial-iqtisadi parametrlər üzrə Ermənistana uduzduran İlham Əliyev rejimi bununla da xarici siyasət sahəsində də işğalçı ölkənin daha üstün beynəlxalq mövqelərə çıxmasına şərait yaratmışdır. Bu isə Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqelərinin zəifləməsi deməkdir və qətiyyən yolverilməz təcrübədir. Hazırki durumun yaranması, heç şübhəsiz ki, YAP rejiminin öz hakimiyyət maraqlarını Azərbaycanın milli və dövlət maraqlarından üstün tutmasının nəticəsidir. Belə ki, Avropa Birliyi ilə inteqrasiya bir təfərdən ölkədə insan hüquqlarının və qanunun aliliyinin təmin olunması, korrupsiya ilə real və əməli mübarizə, vətəndaş cəmiyyəti institutlarının, ictimai-siyasi təsisatların mövqelərinin bərpası və möhkəmlənməsi, söz, mətbuat və sərbəst toplaşma azadlığının gemiş şəkildə təmin olunması ilə şərtlənən prosesdir. Digər tərəfdən, Avropa iqtisadi məkanına interqasiya özündə Dünya Ticarət Təşkilatına üzvlüyü ehtiva edir. Bu isə, öz növbəsində iqtisadi sferada inhisarların aradan qalxması, kömrük, vergi, sığorta və s. sektorlarda dərin institusional islahatların aparıılması ilə müşayiət olunan hərtərəfli və geniş fəaliyyət proqramının icrasını tələb edir. Məhz daha çox sərvət əldə etmək və cəmiyyəti daha çox əzməklə öz hakimiyyətini qorumaq naminə Azərbaycan rəhbərliyi Azərbaycanın dövlətinin və xalqının ali maraqlarından imtina edərək növbəti dəfə ölkəmizin sivil, demokratik, inkişaf etmiş dünyaya açılmasının qarşısında əngələ çevrildi. Nəticədə, təkcə, Azərbaycanın Qarabağ münaqişəsinin həlli sahəsində mövqeləri zəifləmədi. Eləcə də, Azərbaycanın vətəndaşının həyati maraqlarına zərbə vuruldu: onun Avropaya daha rahat şəkildə səfər etməsi, Avropa elminin və təhsilinin uğurlarından daha sərbəstliklə yararlanması fürsətləri əldən buraxıldı, dərin böhran yaşayan iqtisadiyyatımızın acil ehtiyac duyduğu sərmayələrin cəlb edilməsi və nəhəng Avropa bazarına çıxış imkanlarının qarşısı alındı.
Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan hakimiyyətindən milli maraqları özünün dar hakimiyyət və korrupsiya maraqlarına qurban vermək, bununla da ölkəmizin ərazi bütövlüyün bərpası erspektivlərinə zərbə vurmaq siyasətinin ağır fəsadlarını nəzərə almağı və bu antimilli və antixalq siyasətinə son qoymağı tələb edir. Azərbaycan dövlətinin ali maraqları, Azərbaycan Konstitusiyasının və Azərbaycanın xarici siyasət doktrinasının tələblərinə uyğun olaraq ən qısa bir müddətdə Azərbaycan öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri icra etməli, Avropa Birliyi ilə inteqrasiya istiqamətində ciddi əməli addımların atılmasını təmin etməlidir.
Oxunub: 550