Səadət Cahangir
Yəqin ki, çinlilərin bu məşhur atalar sözünü bilirsiniz: “Kral yaxşıdırsa, qanuna gərək yoxdur, kral pisdirsə, qanunun edə biləcəyi bir şey yoxdur.” İndi biz də bənzər durumdayıq, hələ bəlkə də, daha betər durumda. Artıq bu ölkədə qanunun edə biləcəyi bir şey qalmayıb. Ən ironik gerçəyi də gördük. Hüquqşünasların pozulan hüquqlarını müdafiə etmək məqsədilə keçirmək istədikləri mitinqə də icazə verilmədi. İndi, gəl, bu ölkədə hüququn tərifini ver, görüm, necə verirsən! Əlbəttə, daha buralarda qanun şah sayıla bilməz. Hamı bilir ki, başdakılar illərdir o qanun kitabını istədikləri kimi yazır, istədikləri kimi pozurlar. İllərdir qanunun başına açmadıqları oyun qalmayıb. Biçarə kitabı o kökə salıblar ki, bunlar onunla deyil, o, bunlarla ayaqlaşmaq zorunda. Kimdir onun diktəsi ilə addım ölçən?!
Ölkənin durumu gündən-günə qorxunc şəkil alır. İnsanlar da çarəsiz halda qanun axtara-axtara gəzir. Onu tapmağın müşkül məsələ olduğunu bilə-bilə gəzir elə. Qanun və ya onun rolunu oynayan şəxs kimsəni eşitmir. Anlaşılan o ki, heç eşitmək də istəmir. İnsanlar yaşayışın ağırlığından, işsizlikdən, qiymətlərdən, banklardan, məmur qudurğanlığından, məhkəmələrdən şikayət edir. İnsanlar bu məşəqqətli duruma əl qoyulmasını, çözüm tapılmasını istəyir. İnsanlar qanuna güvənmək, normal bir işdə çalışmaq, ailəsini dolandırmaq, bir insan olaraq hüquqlarına sayğı görmək istəyir. Amma onu dinləyən, haqqına hörmət göstərən, giley-güzarına məhəl qoyan yoxdur. İllərdir ölkədə ədaləti “gördüm” deyən olmayıb. İnsanların şikayəti ünvanına çatmır, çünki onların dərdi səlahiyyətli kimsənin vecinə deyil.
Bu ölkəyə ədalət nə zaman gələcək? Ümumiyyətlə, gələcəkmi? Çox çətin sualdır. Nədən? O üzdən ki, bir ölkəyə ədalətin gəlməsi ilk növbədə o ölkənin başçısından asılıdır. Zamanında dünyanın ən adil dövlət başçılarından sayılan Sasani hökmdarı Nuşirəvanla bağlı belə bir hekayət var. Hökmdar ov üçün keç getdiyi bir kənddə düşüb su içmək istəyir. Döydüyü ilk qapıdan bir qız çıxır. Qız su üçün evə qayıdır, bir şəkər qamışını sıxır, su ilə qarışdırıb hökmdara verir. Hökmdar içində toz-torpaq olan suyu yavaş-yavaş içir. “Gözəl və şirin su idi, amma içində toz-torpaq olmasaydı…” deyir. Qız: “Tozu bilərəkdən qatdım”- deyir. Hökmdar: “Niyə?” soruşur. “Çox susadığınızı gördüm, qorxdum ki, birdən içsəniz, zərər verər.” Hökmdar: “Suya neçə şəkər qamışı sıxdın deyir?” Qız bir qamış sıxdığını deyir… Nuşirəvan sarayına qayıdandan sonra o yerin vergi qeydlərini soruşur. Vergilərin az olduğunu görür, dərəcəsini artırmağı tapşırır. Bir müddət sonra təkbaşına yenə o kəndə gedir. Eyni qapıda dayanır. Qapını yenə həmin qız açır. Qonağı tanıyır, tez su gətirmək üçün evə girir. Amma bu dəfə su gecikir. Hökmdar: “Çox gecikdin”- deyir. Qız: “Sizin ehtiyacınız bir qamışdan çıxmadı. Üç parça qamışı sıxmağa məcbur oldum”- deyə cavab verir. “Bunun səbəbi nədir?” soruşur hökmdar. Ağıllı qız deyir: “Sultanın niyyətinin pisləşməsindəndir. Biz eşitmişik ki, sultanın xalqına qarşı niyyəti dəyişdikdə, məhsulların da bərəkəti aşağı düşər və faydası azalar.” Bunu eşidən Nuşirəvan gülür və geri dönüncə vergi artımı qərarını dayandırır.
Bax belə. Bu ölkədə hökmdardan Nuşirəvan ədaləti gözləyən neçə nəfər var? Çox olduğuna inanmıram. Amma bu heç bir halda insana haqqından, hüququndan vaz keçməyə əsas vermir. Ən zor şərtlərdə də, haqqımızı almaq üçün dirəniş göstərməliyik. Sona kimi…
Oxunub: 248