İki fərqli Azərbaycan. Bizim hamımızın Azərbaycanı və onların özləri – bir neçə min nəfər üçün qurduğu Azərbaycan. Bir-birindən tam fərqli olan iki məmləkət. Onların Azərbaycanında hər şey var. Bizim Azərbaycan ehtiyac içindədir. Onların Azərbaycanında milyonçu olmayan yoxdur. Bizim Azərbaycanda minimum əmək haqqı 116 manatdır. Bizim Azərbaycanı hər fürsətdə Ermənistana uduzdururlar. İndi də Avropaya inteqrasiyada uduzdurdular. Rusiyanın köməyilə torpaqlarımızı işğal edənlər Avropaya da bizdən xeyli yaxın oldular. Onların Azərbaycanının Ermənistanla bir problemi yoxdur, çoxdan qardaşlaşıblar. Bizim Azərbaycanı Avropadan aralı saxlasalar da (hesab edirlər ki, bizim Azərbaycanın vəzifəsi Rusiya bazarları üçün ucuz işçi qüvvəsi hazırlamaqdır), öz Azərbaycanları Avropaya artıq inteqrasiya edib. Hər ailədən bir neçə nəfərin Avropa dövlətlərindən birinin pasportu var. Bizneslərinin əhəmiyyətli hissəsini də köçürüblər müxtəlif Avropa dövlətlərinə. Avropada təhsil, müalicə, turizm də onlara asanlıqla əl çatandır. Bir qalmışdı Avropaya vizasız gediş-gəliş, onu da artıq öz Azərbaycanları üçün həll etdilər. İlham Əliyevin Belçikaya səfəri zamanı imzalanmış sazişlərə görə, Azərbaycanda diplomatik pasportu olanlar (vəzifəli şəxslər) 3 Avropa dövlətinə (Belçika, Niderland və Lüksemburq) vizasız gedə biləcəklər. Görürsünüz, onlar öz Azərbaycanları üçün hər şey əldə ediblər. Bizim Azərbaycanı isə onlar heç vaxt inkişaf etdirməyəcəklər.
İstəmirsiniz ki, bizim Azərbaycanda da hər kəsin yaxşı təhsil almaq, iş tapmaq, keyfiyyətli müalicə olunmaq imkanı olsun? İstəmirsiniz ki, bizim də hər birimizin özümüzü reallaşdırmaq, həyatımızı xoşbəxt və firavan yaşamaq üçün hamı ilə bərabər imkanımız olsun? İstəyirsinizsə, ilk öncə ölkəmizə, həm də onun problemlərinə sahib çıxmaqdan başlamaq lazımdır. Biz bu ölkənin kirayənişini yox, sahibləriyik!
Oxunub: 1016