Hikmət Nikbin
Bu gün də hələ çoxumuz bilmirik ki, Dövlət nə Prezident Aparatının daş binasıdır, nə Prezidentdir, nə də digər rəsmilər. Hamının başa düşəcəyi tərzdə ifadə etsək, Dövlət Konstitusiya və Qanunları işlək hala gətirən, daim inkişafını təmin edən, vətəndaşlar arasında hüquqi fərq qoymayan tərəfsiz güc, qüvvə deməkdir. Axı, hüquqdan qıraqda dövlət olmur. İnsanlar tutduğu vəzifələrinə görə yox,vətəndaşlıqlarına görə özlərini dövlətdə ehtiva edirlər. Deməli, dövlət hər bir vətəndaş deməkdir. Hər bir vətəndaş isə mənsub olduğu dövlətinin şəklidir, təsviridir. Bu gün mənim dövlətim zibil qutusundan çörək axtaran vətəndaşımdır. Mənim dövlətim günü 5-7 manata iş “dilənən”, 12-14 saatını açıq havada keçirən, ayağından-saçına qədər islanan, ciyərləri nəm çəkən, 15 qəpiyə pambıq yığan vətəndaşlarımdır.
Bu gün ictimai münasibətlərdə meşə “qanunları”, mağara “baxışları” mövcuddur. Zəiflərə aman yoxdur. Güclüsənsə, sağ qalacaqsan. O cümlədən Respublikamızı İslah Əmək Müəssisəsinə də bənzətmək olar. Ən azından iş tapa bilməmək, 150 manat maaş almaq və s. Azadlığın məhdudlaşması deyilmi? Demək, vətəndaş filankəslər yox, müttəhim filankəslərik. Demək oğurlanmış vətəndaşlığımızı mağara “baxışlarından” , meşə “qanunlarından” xilas etməliyik.
24 ildir bu hakimiyyətin uğursuzluğuna möhtəşəmlik verən, hələ də usanmaq bilməyənlər prezidenti ədəbi epitetlərlə bəzəməkdədirlər. Məsələn, “prezident Avropanı başa saldı, filan təşkilatın tribunasından həmkarlarına dərs keçdi, dünya prezidentdən öyrənməlidir…” Bu kimi dodaq qaçıran sözlər. Bunlara deyən lazım , İlham Əliyev bu cür təfəkkür sahibidirsə, ən azından 14 ildir bir yoluq ölkəyə ərazi bütövlüyümüzü niyə tanıtdıra bilmir ? İqtidarın Qələbəyə gedən yolları Sovet imperiyasının kommunizm yoluna dönüb. Axşamını, sabahını yalanla açan idarəçiliyə Xalq inanmamaqda haqlıdır. Axı, bu komanda özünə əriştə kəsə bilmirsə, başqasına necə umac bişirə bilər. Axı, Konstitusiyası, Qanunları ölən, mağara boyuna qədər enən ölkədə böyük əksəriyyətin mübarizəsi ölməmək uğrunda mübarizədir. Dövlətdən mağara, Xalqdan tayfa, bölgə mərtəbəsinə qədər enmişik.( etiraf edək ki, tayfaçılığın yaşı çox qədimdir, ancaq bu, iqtidara yaxasını qırağa çəkməyə heç bir haqq vermir)
Təbiətən qorxaq olan MM isə qulağını və gözünü çoxdan örtüb. Tam əminliklə deyirəm, həyatımız üçün önəmi olan bir məsələ gündəmə gələrsə, parlament Azərbaycan xalqının arxasında gizlənəcək. “Qoy, Xalq qərar versin” deyib yaxasını kənara çəkəcək. Təyinatlılar başqa nə edə bilər ki.
Atalarının, əmilərinin, dayılarının əllərindən tuta-tuta hakimiyyətə gələnlər dövlət qura bilməzlər, dövlətin yaxşılığa doğru simasını dəyişə bilməzlər, əksinə onu qəbul etdikləri yerdən də çooox geriyə aparmış olarlar. İndi də iqtidar yönümlü saytlar siyasi baxımdan daha bir 5 il hakimiyyətin mövcudluğunu uzatmaq üçün M. Əliyevanın Ölkə boyunca təbliğatını aparırlar. Mehriban xanım da İlham Əliyevin əlindən tuta-tuta siyasi məqamlara yüksəlib. Qoy, Xalq bilsin! Avropada 2-3 sökük binaların təmiri iqtidarın 2018-ci il prezident seçgisinə hesablanmış addımı idi. Xalq İlham Əliyevi növbəti dəfə siyasi baxımdan prezident kimi həzm edə bilmədiyi təqdirdə ehtiyatda olanını siyasi dövriyyəyə buraxmaq üçün. Məqsəd Onu Qərbə meyilli, Qərbin qəbul etdiyi şəxsiyyə kimi göstərmək idi. Yalandı. Rusiyadan fərqli olaraq Qərb bu komandanı dəstəkləmir.
Bu gün Şimal ayısı Azərbaycanın əlimizdə qalan paralarını da dişindən keçirmək istədiyi kimi, sözdə Tanrıya tapınan ölkə də əmmaməsini Vətənimin boğazına dolayıb onu boğmağa hazırdı. Hamının başa düşəcəyi halda ifadə etsək, bu hakimiyyətlə sabahımızı ehtiyatlı tuta bilmərik. Quru müstəqilliyimizi də əlimizdən alarlar. Ölkə insanlarından təminatlı həyat çox uzaqdadırsa, Konstitusiya və Qanunlar adi kağız qırıntısıdırsa. Xalqın iradəsi özündə deyilsə, inkişaf etmiş xalqlarla müqayisədə aşağılanmış vəziyyətdəyiksə, bu komandaya bir daha “şans”vermək olmaz.
Oxunub: 194